Kapitana milli forma qismət olmadı - Ayxan Abbasov onu seçmədi

18.09.2026 15:14 27
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, bu gün yığmanın baş məşqçi Ayxan Abbasov Tacikistan, Litva və Lixtenşteyn yığmaları ilə matçlar üçün heyəti açıqlayıb. Bu dəfə siyahıda 30 futbolçu yer alıb.

Xatırlayırsızsa, mütəxəssis iyunda Avstriyada keçirilən təlim-məşq toplanışına 28 oyunçu dəvət etmişdi. Bəs, həmin toplanışda iştirak edən futbolçulardan hansılar kənarda qalıb?

"Football-plus.az" bu suala cavab axtardı. Bəlli oldu ki, Ayxan Abbasov bu dəfə qapıçılardan Rza Cəfərov və Şahruddin Məhəmmədəliyevi, müdafiəçilərdən Elvin Cəfərquliyevi, yarımmüdafiəçilərdən Qismət Alıyevlə Səbuhi Abdullazadəni, hücumçulardan Xəyal Əliyev, Rüstəm Əhmədzadə və Nəriman Axundzadəni milliyə dəvət etməyib.

Elvin, Xəyal və Səbuhinin zədəli olduğu, bu səbəbdən uzun müddətdi yaşıl meydanlara həsrət qaldığı bəllidi. Nəriman Axundzadə isə icarə əsasında forma geydiyi "Ərzurumspor"da - o, müqavilə isə ABŞ klubu "Kolambus Kryu"ya məxsusdu - forma şansı qazanmaqda çətinlik çəkir. Gənc hücumçu Türkiyə superliqasında mümkün 5 matçın 3-də şans qazanıb və cəmi 55 dəqiqə meydanda olub. "Zirə"nin kapitanı Qismət Alıyevin siyahıdan kənarda qalması isə anlaşılan deyil.

Ümumiyyətlə, Ayxan bəyin seçimləri ilə bağlı bir çox maraqlı məqam var. Növbəti yazılarda həmin məqamlara da toxunacağıq.

KƏNAN BAHADIR