“Slaviya” ilə oyuna 24 gün qaldı: BOS-da nə var, nə yox?

19.09.2026 15:29 387
Avrokuboklar / Manşet
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində tarixində ilk dəfə ev oyunu keçirəcəyi günə bir aydan az qalır.

Xatırladaq ki, bu mərhələdə mübarizəyə “Mançester Yunayted”in meydanında üzləşdiyi 0:4 hesablı məğlubiyyətlə başlayan “bayquşlar” oktyabrın 13-də Bakı Olimpiya Stadionunda “Slaviya”nı qəbul edəcək. 2-ci tur matçı saat 20.45-də start götürəcək. Qəzetimizin ötən sayında vurğuladığımız kimi, “bayquşlar”a bu görüşdə qələbə hava-su qədər vacibdi. Çünki rəqiblərin əksəriyyəti “böyük beşlik” ölkələrində çıxış edir və etiraf edək ki, Dortmund “Borussiya”sı, “Barselona”, “Vilyarreal”, “Napoli” “Arsenal” kimi nəhəng komandalardan xalı qoparmaq ehtimalı minimuma bərabərdi. Belədə qələbə arzusu ilə yalnız “Slaviya” və “Vikinq”lə matçlara bel bağlayırıq. Təbii ki, möcüzə gözləntiləri ilə birlikdə...

Qarşıdan hələ yığmanın oyunlarının gəlməsinə baxmayaraq, diqqəti “Sabah”a yönəltməyimiz səbəbsiz deyil. Ona görə ki, “bayquşlar”ın ev oyunlarını keçirəcəyi idman qurğusu hələ Çempionlar Liqası kimi ən mötəbər beynəlxalq klub turnirinin oyunlarını qəbul etmək üçün yararlı vəziyyətdə deyil. Yəqin siz də stadiondan çəkilən və sosial mediada yayılan görüntülərlə tanışsız. Həmin çəkilişlərdən də görünür ki, hələ stadionda görülməli olan xeyli iş var. Daha əvvəl də yazdığımız kimi, sentyabrın əvvəlində ot örtüyünün bərpası ilə bağlı intensiv işlərə start verilib. Daha dəqiqi, örtüyün üst təbəqəsi çıxarılıb və meydançaya qum təbəqəsi vurulub. Həmçinin ot örtüyü üçün təbii rulonlar sifariş edilib. Meydançanın sentyabrın sonu, ən geci isə oktyabrın 5-dək tam hazır olacağı bildirilir. Bərpa işləri SİS və “Aqrosport” şirkətləri tərəfindən həyata keçirilir.

Bəs, hazırda stadionda ümumi durum nə yerdədi? İşlər plana uyğun davam edirmi? “Sabah” görülən işlərlə maraqlanırmı? UEFA nümayəndələri idman qurğusuna nə vaxt baxış keçirəcək? Axı mətbuatda UEFA-nın bu həftə stadionun beynəlxalq oyunlara hazırlığını və tələblərə uyğunluğu qiymətləndirəcəyi haqda məlumat yayılıb. Həmçinin prosesin daha tez başa çatması mümkündümü? Rəsmi oyundan əvvəl sınaq matçı planlaşdırılıbmı?

Bu sualları BOS-un İctimaiyyətlə Əlaqələr və tədbirlərin təşkili şöbəsinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Onu dinləyək:

“Hazırda yalnız qazonun vəziyyəti ilə yox, oyunla bağlı müxtəlif sahələri əhatə edən məsələlərlə məşğuluq. Söhbət Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək matça hazırlıqdan gedir. Təbii ki, belədə hazırlıq ən yüksəks səviyyədə olmalıdı. Bu səbəbdən, oyuna kompleks şəkildə hazırlaşırıq. İşlərin nə vaxt başa çatacağı haqda konkret tarix demək mümkün deyil. Lakin hədəf ən qısa müddətdə bitirmək, stadionu tam hazır vəziyyətə gətirməkdi. Sınaq matçı isə böyük ehtimalla olmayacaq. Bildiyiniz kimi, vaxt məhduddu. Yəqin ki, burda ancaq oyunöncəsi məşqlər və oyunlar keçiriləcək. Qalan məsələlər isə məhz klubla bağlıdı. UEFA oyunların təşkili ilə bağlı stadionlarla yox, klublarla əməkdaşlıq edir”.

Mövzu ilə bağlı yuxarıdakı suallar əsasında Elnur Həmidovdan da açıqlama aldıq. Həmkarımızın cavabı belə oldu:

“Bəli, klubumuzun əməkdaşları da stadionda gedən işlərlə yaxından maraqlanır. Bu məsələ ilə bağlı UEFA nümayəndələri ilə sıx əlaqədəyik. Çempionlar Liqası oyunlarından öncə UEFA nümayəndələrinin stadiona baxışı standart prosedurdu. Qarşıdakı günlərdə Bakı Olimpiya Stadionunda da oxşar baxış həyata keçiriləcək”.

Xatırladaq ki, “Sabah” oktyabrın 20-də Dortmund “Borussiya”sını, noyabrın 25-də “Barselona”nı, gələn il yanvarın 20-də “Napoli”ni də bu idman qurğusunda qəbul edəcək.

KƏNAN BAHADIR