Zidan ''Fənər''in ulduzunu yığmaya çağırmadı - ''onun artıq 35 yaşı var...''

19.09.2026 13:27 18
Dünya futbolu
Zinəddin Zidanı baş məşqçi postuna gətirməklə yeni dönəmə qədəm qoyan Fransa yığmasının qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Zidan Kərim Benzema və Nqolo Kante kimi təcrübəli ulduzlara ehtiyac duymayıb. Benzema zatən yığma karyerasını 2022-dən başa vurub. Kante isə son mundialda yığmanın heyətində idi. Zidan qərarının bu futbolçuların performansı ilə əlaqəli olmadığını bildirib: ''Benzema ilə ''Real''da bir neçə gözəl mövsüm keçirmişəm. Təbii ki, həm onun, həm də Kantenin yığma və klub səviyyəsində indiyə qədər etdiklərinə kölgə salmaq istəmirəm. Amma mən yığmada daha gənc və perspektivli simaları görmək istəyirəm. Mənim seçimim məhz bu cürdü. Elə futbolçular var ki, komandaya inkişaf etməkdə yardım edə bilərlər. Bir daha deyirəm ki, bu, Kantenin keyfiyyətləri ilə əlaqəli bir durum deyil. O hər zaman örnək futbolçu olub. Ancaq yaşının artıq 35 olduğunu unutmamalıyıq. Mən isə dördillik müqaviləyə imza atmışam və bu müddət üçün öz layihələrim var. Seçimimi də bu məntiq çərçivəsində etmişəm''. Zidan həm də bildirib ki, Kilian Mbappe yığmada kapitan sarğısını daşımaqda davam edəcək. Karyerasını ''Fənərbaxça''da davam etdirən Kante indiyə qədər Fransa yığmasında 69 oyun keçirərək 2 qol vurub. ''Xoruzlar'' Zidanın debüt oyununda Millətlər Liqası çərçivəsində səfərdə Türkiyə ilə qarşılaşacaqlar. Bu yığma ''pəncərəsi''ndə fransızları İtaliya ilə ev oyunu, eləcə də Belçika ilə ev və səfər oyunları da gözləyir.