Yanlış qərar verənlər yenidən təyinat aldı – Elçin Məsiyevdən başqa

19.09.2026 10:52 117
Ölkə futbolu / Manşet
“Araz-Naxçıvan” - “Turan Tovuz” görüşündə baş verənlərdən xəbərdarsız. Oyunun 81-ci dəqiqəsinədək hesabda öndə olan qonaqlar referi Elçin Məsiyevin yanlış penalti qərarı üzündən qələbəni əldən vermişdi. O, hətta VAR otağından (Kamal Umudlu, Müslüm Əliyev) gələn siqnalı da nəzərə almamış, qərarının üstündə durmuşdu. Həmin matçda Məsiyevə laysman kimi Elşad Abdullayevlə Pərvin Talıbov yardım edirdi, 4-cü hakim isə İslam Məmmədov idi.

Bəs “Turan Tovuz”un haqqı olan qələbəni əlindən alan briqadadan kimlərə premyer-liqanın 6-cı turunda təyinat verilib? “Football-plus.az” bu suala cavab axtarıb.

Müslüm Əliyev. Köməkçi VAR hakimi “Neftçi” - “Qəbələ” görüşündə laysman kimi çalışıb.

İslam Məmmədov. Şamaxıda ehtiyat hakim kimi çalışan Məmmədov “Qarabağ” - “Şəfa” oyununda da bu vəzifəni icra edib.

Pərvin Talıbov. Laysman “köhlən atlar”ın debütantla görüşündə köməkçi VAR hakimi kimi iş başında olub.

Kamal Umudlu. VAR hakimi kimi Elçin Məsiyevi epizoda yenidən baxmağa çağırsa da, referi qərarını dəyişmədi. Umudluya bu dəfə “Sabah” - “İmişli” matçının idarəçiliyi tapşırılıb.

Elşad Abdullayev. Laysman “Şamaxı” - “Araz-Naxçıvan” görüşündə köməkçi VAR hakimi kimi çıxış edəcək.

İSRAYIL XEYRULLAYEV