“Slaviya” keçilməz rəqib deyil! - 102 milyon avro...

18.09.2026 18:26 108
Manşet / Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” oktyabrın 13-də növbəti oyuna çıxacaq.

Sirr deyil ki, “bayquşlar”, elə Azərbaycanın futbol ictimaiyyəti də “Slaviya”ya 3 xal mənbəyi kimi baxır. “Doğma divarlar”ın da köməyi ilə Çexiya çempionunu məğlub etmək olar. Amma 70 minlik Bakı Olimpiya Stadionu həmin gün dolacaqmı? – bu artıq başqa yazının mövzusudu.

“Transfermarkt”ın məlumatına görə, Praqa klubunun heyətinin ümumi bazar dəyəri 101 milyon 950 min avrodu. Klubun Çempionlar Liqasında iştirak üçün UEFA-ya təqdim etdiyi siyahıda 43 futbolçunun adı var ki, bunlardan 25-i A siyahısındadı. Ümumiyyətlə, 43 futbolçudan 12-si legionerdi.

“Slaviya”nın ən bahalı futbolçusu isə Ştepan Haloupekdi. Onun bazar dəyəri 10 milyon avro göstərilir.

“Slaviya” sonuncu dəfə sentyabrın 16-da ölkə kubokunun 1/16 finalında meydana çıxıb. Praqa təmsilçisi həmin qarşılaşmada səfərdə “Varnsdorf”u 5:1 hesabıyla məğlub edib. İvan Şrants het-triklə yadda qalıb. Komanda Çexiya elitasında da məğlubiyyət tanımır. 8 turdan sonra 20 xal toplayan “Slaviya” liderdi.

Praqa təmsilçisinin 10 futbolçusu müxtəlif milli komandalara dəvət alır. Ştepan Haloupek, David Zima, Tomaş Holeş, David Yurasek, Mixal Sadilek, Lukaş Provod, Mojmir Xitil və Tomaş Xorı Çexiya, Daniel Şturm Sloveniya, İqoh Oqbu isə Nigeriya millisində çıxış edir.

Komandanın iki futbolçusu UEFA bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. Qapıçı Andrey Kolar və müdafiəçi İqoh Oqbu gələn ilin yanvarına qədər UEFA turnirlərindən kənarlaşdırılıb. “Slaviya”nın baş məşqçisi Yindrjix Trpişovskidi. 50 yaşlı mütəxəssis 2018-ci ilin əvvəlindən Praqa klubuna rəhbərlik edir.

İSRAYIL XEYRULLAYEV