“Football-plus.az” “Holiday-İnn” otelində keçirilən tədbirdə yaşananları təqdim edir.
PFL-in media və marketinq direktoru Sənan Abdullayev tədbiri açıq elan etdi. Daha sonra sözü qurumun texniki idman direktoru Elgiz Abbasova verdi. O isə turnir barədə danışdı.
“Azərbaycan ərazisində keçirilən ən genişmiqyaslı turnira görə bir araya gəlmişik. Bu turnir PFL bayrağı altında keçirilən bütün liqaları əhatə edir. Bütün deməyimin səbəbi odu ki, məhz burda premyer-liqa ilə yanaşı, 1-ci və 2-ci liqa klubları da iştirak edəcək. Püşkatma reytinq əsasında atılacaq”.
Daha sonra qurum rəsmisi püşk səbətləri və təqvim barədə məlumat verdi. Püşkü atmaq üçün sabiq futbolçu Qara Qarayev dəvət olundu.


1-ci təsnifat mərhələsi
“Marafon” - “Dinamo”
“Qaradağ” - “Şəki”
“Şirvan” - “Kür-Araz”
“Difai” - “Zəngəzur”
“Şəmkir” - “Ağstafa Gəncləri”
“Ağdaş” - “Hypers”
2-ci təsnifat mərhələsi
“Şimal” - “Araz-Naxçıvan”
“Marafon”/“Dinamo” cütünün qalibi - “Zaqatala”
“İmişli” - “Qaradağ Lökbatan"/Şəki” cütünün qalibi
“Şirvan"/Kür-Araz” cütünün qalibi - “Sumqayıt”
“Qəbələ” - “Mingəçevir”
MOİK - “Şahdağ Qusar”
“Kəpəz” - “Baku Sportinq”
“Səbail” - “Zirə”
“Difai/Zəngəzur” cütünün qalibi - “Karvan-Yevlax”
“Şəfa” - “Şəmkir"/Ağstafa Gəncləri” cütünün qalibi
“Ağdaş"/Hypers” cütünün qalibi - “Şamaxı”
“Xankəndi” - “Gəncəbasar”
1/8 final
“Sabah” - “Imişli” - “Qaradağ Lökbatan”/“Şəki” cütünün qalibi
“Qarabağ” - “Sumqayıt” - ”Şirvan”/“Kür-Araz” cütünün qalibi
“Neftçi” - “Şəfa” - “Şəmkir”/“Ağstafa Gəncləri” cütünün qalibi
“Turan Tovuz” - “Kəpəz”/“Baku Sportinq” cütünün qalibi
Püşkatmadan sonra Elgiz Abbasov jurnalistlərin suallarını cavabladı:
– Ölkə kubokunun final oyununun Gəncə şəhər stadionunda keçirilməsi qərarı necə verildi? Başqa variantlar da nəzərdən keçirilirdi, yoxsa əvvəldən əsas namizəd Gəncə idi?
– Yenilənmiş Gəncə şəhər stadionunda premyer-liqa oyunları keçirilməzdən əvvəl sınaq xarakterli bir oyun təşkil etmişdik. Bundan əlavə, stadionun bütün əsas ərazilərinə, o cümlədən infrastruktur elementlərinə baxış keçirmişdik. Görünür ki, Gəncə kimi böyük və möhtəşəm stadionumuz var. Son bir ayda Gəncə şəhərində həqiqətən də futbol ab-havasının, futbol bayramının yaşandığı hiss olunur. Premyer-liqa oyunlarına çox sayda azarkeş gəlib. Peşəkar Futbol Liqası olaraq, finalın Gəncədə keçirilməsi təklifi ilə çıxış etdik. AFFA prezidenti cənab Rövnəq Abdullayevin qərarı və Gənclər və İdman naziri cənab Fərid Qayıbovun dəstəyi ilə, inşallah, Azərbaycan kubokunun final oyununu bu möhtəşəm arenada keçirəcəyik. Hesab edirik ki, bu, həm Gəncə azarkeşləri, həm də ümumilikdə bütün futbolsevərlər üçün böyük bir bayram olacaq.
– Bəs başqa variantlar var idi?
– Ümumiyyətlə, son illərdə müəyyən infrastruktur məsələlərini nəzərə almasaq, demək olar ki, bütün stadionlarımız Azərbaycan kubokunun finalını qəbul etməyə hazır olub və bu oyunlara evsahibliyi edib. Qəbələ şəhər stadionundan tutmuş indiki “Palms Sports Arena”ya qədər bütün premyer-liqa stadionları potensial final məkanlarımız olub. Amma Gəncə şəhər stadionunun xüsusi özəlliyi var. Bildiyiniz kimi, bu, həm tarixi məkandı, həm də yenidən təmir olunandan sonra belə böyük bir oyunun burda keçirilməsi hamı üçün maraqlı olardı. Odu ki, bu variant üzərində xüsusi dayanmışdıq və təklif etmişdik.
– Bu mövsüm Azərbaycan kubokunun sponsorunun olacağı gözlənilir. Bununla bağlı hansı işlər görülür?
– Əlbəttə. Üç-dörd şirkətlə aktiv danışıqlarımız davam edir. Ümid edirik ki, müsbət nəticəyə gələcəyik. Həm sponsorlar tərəfindən bizə müraciətlər var, həm də bizim tərəfimizdən müəyyən şirkətlərlə danışıqlar aparılır. Elə bir tərəfdaş şirkət olmalıdı ki, Azərbaycan kubokunun adını özündə yaxşı şəkildə əks etdirə bilsin. Odu ki, danışıqları davam etdiririk.
– Deməli, bu məsələdə tələsmirsiz?
– Xeyr, məsələni mümkün qədər tez yekunlaşdırmaq istəyirik. Çünki biz də final oyunu ilə bağlı müvafiq layihələrimizi həyata keçirməliyik. Ümid edirik ki, yaxın zamanlarda bununla bağlı daha ətraflı məlumat verəcəyik.
İSRAYIL XEYRULLAYEV






