Bu gün Göygöldə start götürəcək cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, tədbirdə Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmləri iştirak ediblər.
Mərasimin əvvəlində ACF-in prezidentinin müşaviri Natiq Bağırov çıxış edərək bildirib ki, Göygöl Avropa Kuboku Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Həmçinin o göstərdikləri etimada görə Avropa Cüdo Birliyinə (EJU) təşəkkür edib və bütün idmançılara uğurlar arzu edib.
EJU-nun idman komissarı Albert Gmeiner qurumun prezidenti Tot Laszlo adından bütün iştirakçıları salamlayıb və turnirin gənc idmançıların karyeralarda böyük əhəmiyyət kəsb etdiyini və tədbirin təşkilində göstərilən səylərə görə ACF-ə minnətdarlığını bildirib.
Daha sonra mərasimdə çıxış edən EJU-nun hakimlər üzrə komissarı Mətin Özkan bildirib ki, Göygöl Avropa Kubokunun görüşləri 15 hakim tərəfindən idarə olunacaq, turnir ədalətli və cüdo qaydalarına uyğun keçəcəkdir.
Qeyd edək ki, 6-7 may tarixlərində keçiriləcək Göygöl Avropa Kuboku turnirində 18 ölkədən 268 cüdoçu iştirak edəcək.