"Sabah"la sabiq oyunçusu Yusif İmanov arasında olan münaqişə yenidən alovlanıb.
Xatırlayırsızsa, hazırda "İmişli"nin şərəfini qoruyan qapıçı ötən yay müqaviləni birtərəfli qaydada pozaraq “Sabah”ı tərk etmişdi. Bundan sonra klub müvafiq qurumlara şikayət edərək sabiq oyunçusundan 53 min manat təzminat tələb etsə də, nə AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsi, nə də AFFA Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın xeyrinə qərar çıxardı. Daha dəqiqi, Oyunçuların Statusu və Transferi Komitəsi klubun Yusifə 10 min manat təzminat ödəməsinə dair qərar vermiş, ikinci instansiya isə həmin qərarı qüvvədə saxlamışdı.
Bu qərarla da barışmayan "bayquşlar" bu dəfə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutub. "Futbol+" olaraq, hadisələrin axarı haqda ətraflı məlumat əldə etmək məqsədi ilə həm Yusifin sözügedən iş üzrə vəkili Elcan Həsənliyə, həm də "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Təbii ki, bizi maraqlandıran məsələ klubun qarşı tərəfdən hansı tələblərinin olduğu, futbolçunun isə özünü hansı əsaslarla müdafiə etdiyi haqda bilgilər idi. Təəssüf ki, tərəflər mövzu ilə bağlı açıqlama vermək istəmədi.
Ancaq necə deyərlər, bu xamırın hələ çox su aparacağı bəllidi. Azı ona görə ki, "bayquşlar" hələ ötən ilin dekabrında məsələ ilə bağlı bəyanat yaymış, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsini qanunsuz, heç bir əsası olmayan qərar verməkdə ittiham etmişdi. Klubdan hələ o vaxt bildirilmişdi ki, qeyri-obyektiv və ədalətsiz saydıqları qərardan şikayət etmək üçün bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəklər.
Görünür, indi vaxt çatıb, vədə yetişib, "Sabah" yenidən bu məsələnin üzərinə qayıdıb. Böyük ehtimalla, Yusif artıq problemlərdən xilas olduğunu düşündüyünə görə bu yay "İmişli" ilə müqavilə imzalamaqla karyerasını arxayın şəkildə davam etdirmək qərarına gəldi. O başqa məsələ ki, "pələnglər"in Misli premyer-liqasının 5-ci turunda "Neftçi"yə qarşı keçirdikləri ev oyununda Yusif əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında əyləşdi. Deməli, İmanov üçün artıq problemlər dərinləşib. Axı baş məşqçi Fərid Namazovun liderlə görüşdə Yusif kimi təcrübəli qapıçıya yox, 19 yaşlı Sadiq Məmmədzadəyə güvənməsinin başqa məntiqli izahı yoxdu.
Xatırladaq ki, Yusiflə sabiq klubu "Sabah" arasında ilk narazılıq qapıçının 2024/25 "futbol ili"ndə yetərincə şans qazanmaması, üstəlik əvəzedici heyətə göndərilməsi nəticəsində başlayıb.
Qazaxıstanlı Stas Pokatilovun start heyətində yerini möhkəmləndirməsinin ardından qapıçı komandadan ayrılmaq qərarına gəlib və qarşıdan gələn mövsümü "Kəpəz"də keçirib.
KƏNAN BAHADIR
"Sabah" Yusiflə münasibətləri CAS-da aydınlaşdıracaq
Ölkə futbolu / Manşet






