Başakşəhərlilərdə işlərin qaydasında getmədiyi hələ avrokubok matçından bəlli idi. Konfrans Liqasının 2-ci təsnifat mərhələsində komanda həm büdcə, həm də səviyyə baxımından özündən qat-qat zəif olan Finlandiya təmsilçisi ''İnter Turku''ya uduzdu. Superliqada isə ''İstanbul BŞ'' mövsümə ''Kocaelispor'' üzərində qələbə ilə başlasa da, sonrakı 4 oyunda cəmi 1 xal toplaya bildi.
Son olaraq debütant ''Amed SF''dən 5 cavabsız qol buraxmaqla rüsvay olan başakşəhərlilərdə Nuri Şahin ilə tezliklə yolların ayrılacağı güman edilirdi. Amma rəhbərlik tələsməmək və bu mütəxəssisə daha bir qədər şans vermək qərarına gəlib. Başqan Göksəl Gümüşdağ Nuri Şahin ilə yola davam edəcəklərini bildirərək məşqçilər korpusu ilə hər hansı bir problemlərinin olmadığını deyib:
''Hər komandanın başına gələ biləcək enişli-yoxuşlu qrafik cızırıq. Unutmayaq ki, mövsümün əvvəlindəyik və cəmi 5 tur arxada qalıb. Düzdü, son oyunlarda bəzi üzücü nəticələr qeydə alındı. Amma məşqçilər korpusunun işə yanaşma tərzindən, futbolçularla ünsiyyətindən razıyıq. Nuri Şahin mənim üçün qardaş kimidi. O uzun müddət birlikdə addımlamaq istədiyim yol yoldaşıdı. Ötən mövsüm onunla avrokuboklara vəsiqə qazandıq və əminəm ki, bu dəfə də bunu bacaracaq. Bizim səviyyəli komandamız var. Bu səviyyəni meydanda göstərməyə başlayan kimi nəticələrimiz düzələcək''.






