Ötən həftə Avropada Çempionlar Liqası start götürmüşdüsə, bu həftə Asiyada bu turnirə start verildi.
Liqa mərhələsinin 1-ci turunun əsas sürprizi Əbu-Dabidə qeydə alındı. BƏƏ təmsilçisi ''Əl-Əyn'' doğma fanatları önündə Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Nəssr''i 4 cavabsız qolla darmadağın etdi. Meydan sahiblərinin heyətində Əl-Hussin Rəhimi dubl etdisə, onun böyük qardaşı Sufyan oyunu bir qol, bir məhsuldar ötürmə ilə tamamladı.
Karyerasının 980-ci qolunu vurmaq üçün meydana çıxan Kriştiano Ronaldo 90 dəqiqə ərzində ''çərçivə''yə cəmi bir zərbə endirdi və rəqibin cərimə meydançasında topa yalnız iki dəfə toxuna bildi. Kriştiano Səudiyyə Ərəbistanı karyerasının ən sarsıdıcı məğlubiyyəti ilə üzləşdi. ''Əl-Nəssr''ə transfer olunduğu 2023-ün yanvarından bu yana o, nə klub, nə də yığma səviyyəsində bu cür məğlub olmuşdu. Ronaldo sonuncu dəfə dörd topluq məğlubiyyətlə 2022-nin yayında ''Mançester Yunayted''in heyətində ''Brentford'' ilə oyunda (0:4) üzləşmişdi. ''Əl-Nəssr'' özü isə sonuncu dəfə bu cür aqibəti 2022-nin martında əzəli rəqib ''Əl-Hilal'' ilə dueldə (0:4) yaşamışdı.
Mövsümə ardıcıl 5 qələbə ilə başlamasına baxmayaraq son vaxtlar ''Əl-Nəssr'' geriləyib. Angelos Postekoğlunun komandasının son 4 rəsmi oyunda cəmi 1 qələbəsi var. Böyük təzyiq altında olan təcrübəli məşqçinin Ər-Riyad təmsilçisini bu durumdan necə çıxaracağı maraq doğurur. Özünə gəlmək üçün ''Əl-Nəssr''in kifayət qədər vaxtı var.
Komanda növbəti oyununu oktyabrın 9-da Səudiyyə Ərəbistanı çempionatının 8-ci turu çərçivəsində evdə ''Əl-Diriyah'' ilə keçirəcək. Son çempion statusunda olan və 7 turdan sonra aktivində 16 xal olan ''Əl-Nəssr'' lider ''Əl-Hilal''dan 2 xal geridədi.
0:4! - Ronaldo Səudiyyə Ərəbistanı karyerasında hələ bu cür rüsvay olmamışdı
Dünya futbolu






