Ötən həftəsonu premyer-liqanın 4-cü turunda ''Mançester Siti''nin ''Old Trafford''da ''Mançester Yunayted''i 1:0 yendiyi derbidə vurulan qalmaqallı qol ''dumanlı albion''da gündəm olmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, Erlinq Holannın vurduğu qolun qeydə alınması üzündən hələ də ciddi müzakirələr gedir.
Bu arada derbinin VAR hakimləri ilə bağlı diqqətçəkən yeniliklər yaşanıb. Məsələ burasındadı ki, oyunun VAR hakimi Mett Donohyu və köməkçi VAR hakimi Bleyk Antrobusa növbəti tur, yəni bu həftəsonu oyun verilməyib!
Bu, 37 yaşlı Donohyu üçün cari mövsümdə ilk belə haldı. O, bu mövsüm bütün turlarda təyinat almışdı. İngiltərə mətbuatının yazdığına inansaq, bu hakimlərə yığma fasiləsindən dərhal sonra oyun verilib-verilməyəcəyi də bəlli deyil. Bu qərarı İngiltərə Hakimlər Komitəsinin sədri Hovard Uebb qəbul edib. Donohyu bu həftəiçi keçirilən liqa kubokunun oyunlarına da təyinat almayıb. Bu da onun cəzalandırıldığını göstərir. Hətta onun bu mövsüm bir daha təyinat almayacağını iddia edən mənbələr də var.
İngiltərə Hakimlər Komitəsi derbidə qolun sayılmasının yanlış olduğunu artıq etiraf edib. Komitənin açıqlamasında qeyd olunub ki, ötürmə anında ofsaydda olan Entso Fernandes topa toxunmasa da, onun hərəkəti ''Yunayted''in müdafiəçisi Lisandro Martinesi çaşdırır. Bu üzdən Fernandes artıq passiv yox, aktiv ofsaydda olan futbolçu kimi qəbul edilməli idi. O epizodda VAR hakimi əsas hakimi hökmən monitora dəvət etməli idi.
Komitə ''Yunayted'' ilə əlaqə saxlayaraq üzrxahlıq edib.
Mançester derbisinə damğa vuran səhv VAR hakimlərinə baha başa gəldi
Dünya futbolu





