Superliqanın son turunun “Qalatasaray” – “Alanyaspor” matçının hakimi Əli Palabıyık Türkiyə futbol ictimaiyyətində əsas gündəm mövzusu olmaqda davam edir.
Football-plus.az xəbər verir ki, “Cim-Bom”un 2:0 öndə olduğu qarşılaşmanın 31-ci dəqiqəsində Palabıyık “son ümid folu”na görə Saşa Boeyə olduqca şübhəli qırmızı vərəqə göstərmişdi. Nəticədə oyun 2:2-lik bərabərliklə yekunlaşmış və onsuz da son həftələrdə hakimlikdən çox gileylənən İstanbul nəhənginin rəhbərliyi matçın ardından “od püskürmüşdü”. Srağagün Türkiyə Futbol Federasiyası tərəfindən VAR sistemi üçün məlumatlandırma toplantısı keçirildi. Klub başqanları VAR otağına dəvət edilərək orda yaşananları öz gözləri ilə görmək fürsəti qazandılar. Hətta başqanlar ofsayd xəttinin necə çəkildiyinin də şahidi olaraq özləri də bu xətlərin çəkilməsində iştirak etdilər. Amma bu toplantıda “Qalatasaray” və “Beşiktaş”dan heç kimin iştirak etməməsi diqqəti çəkdi!
10 ildi superliqada hakimlik edən 41 yaşlı Palabıyık, ümumiyyətlə, həmişə birmənalı qarşılanmayan ədalət təmsiçilərindən biri sayılıb. Demək olar, hər mövsümdə kobud səhvləri ilə yadda qalıb və bir çox klub tərəfindən “qara siyahiya” salınıb.
Məsələn, “Qalatasaray”ın indi bu qədər hay-küy salmasına baxmayaraq, bu FİFA hakimi ötən mövsüm məhz elə “Aslan”ın xeyrinə verdiyi absurd bir qərarla diqqət mərkəzinə düşmüşdü. 2021/22 mövsümünün 8-ci turunda “Çaykur Rizəspor” – “Qalatasaray” oyununa (2:3) heç bir əsas olmadan 10 dəqiqə əlavə edən Palabıyık son saniyələrdə Morutsanın qolunu qeydə almaqla böyük səhvə yol vermişdi. Çünki həmin hücum zamanı Dianye iki dəfə açıq-aşkar qaydanı pozmuşdu. Həmin qalmaqallı qərarından sonra bu hakim mövsümün qalan hissəsində cəmi 3 oyuna təyinat almışdı! Cari mövsümə Palabıyık ilk baxışdan pis başlamamışdı. Onun 4-cü turda “Trabzonspor” – “Qalatasaray” matçındakı (0:0) idarəçiliyini hər iki tərəf bəyənmişdi. Amma 7-ci turda “Antalyaspor” – “Adana Dəmirspor” oyunundakı (0:3) zəif idarəçiliyindən sonra 3 həftə məcburi istirahət edən Palabıyık indi də “Qalatasaray”ın oyununda nəticəyə təsir edən kobud səhvə yol verdi. Çox güman, onu superliqada bir də yeni ildən sonra görəcəyik. Həftəsonu keçiriləcək 12-ci turun oyunlarına Palabıyık, gözlənildiyi kimi, təyinat almayıb. Ümumiyyətlə, ötən tur hər üç İstanbul nəhənginin oyunundakı hakimlərə bu həftə oyun verilməməsi maraqlı məqamdı. Palabıyıkla bağlı təzad isə ondan ibarətdi ki, onun avrokuboklardakı idarəçiliyini UEFA bəyənir. Qurumun Hakimlər Komitəsinin sədri Roberto Rozetti şəxsən Palabıyıkın idarəçiliyini bəyənir və ona oyunlar verməkdə davam edir. Cari mövsümdə Millətlər Liqasi, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 6 oyun idarə edən Palabıyıka bu həftə yenə oyun verilib. O, KL-in “Bazel” – “Jalqiris” matçına təyinat alıb. Halbuki Tyürkiyə çempionatında Palabıyık bu mövsüm cəmi 5 oyun idarə edib!