“Transfer pəncərəsi” bağlandı - hansı mövqelər boş qaldı?

13.09.2026 23:09 144
Ölkə futbolu / Manşet
Sentyabrın 10-u saat 23:59-da premyer-liqada yay “transfer pəncərəsi”nin bağlandığını xəbər vermişdik. Artıq komandaların, demək olar ki, heyəti formalaşıb. Növbəti "transfer pəncərəsi"nə qədər isə klublar yalnız azad agent statusuna malik futbolçuların xidmətindən yararlana bilərlər.

Bəs yay “transfer pəncərəsi” başa çatandan sonra hansı komandanın hansı mövqeyində çatışmazlıq var?

“Football-plus.az” olaraq, klubların heyətlərini nəzərdən keçirərək, mövqelər üzrə ehtiyaclarını təhlil etdik.

Araz-Naxçıvan”. Heyətinə ən çox futbolçu cəlb edən komandalardan biri olan Naxçıvan təmsilçisində ciddi çatışmazlıq görünmür. Komandada həm əsas heyət, həm də rotasiya üçün kifayət qədər futbolçu var.

İmişli”. Sonuncu dəfə sabiq futbolçusu Rafael Vieqaşı heyətinə qatan “pələnglər”də də ciddi çatışmazlıq nəzərə çarpmır. Sadəcə, hücum xəttinə əlavə azad agentlərin cəlb olunması komandanın imkanlarını daha da genişləndirə bilər.

Kəpəz”. Gəncə təmsilçisinin heyətində əsas problem hücum xəttindədi. Mövqeyi hücumçu olan cəmi iki futbolçu – Azuma Abubakar və Şahnur İsmayılov var. Bu baxımdan “Kəpəz”in növbəti “pəncərə”yə qədər azad agentlər arasından hücumçu cəlb etməsi vacib görünür.

Qarabağ”. Yenilənmiş “Köhlən atlar”ın heyəti mübarizəyə tam hazır görünür. Komandada bütün mövqelər üzrə kifayət qədər futbolçu var və Qurban Qurbanov rotasiya zamanı seçim imkanına malikdi.

Qəbələ”. "Qırmızı-qaralar”ın da heyətində ciddi çatışmazlıq görünmür. Komanda lazım gələndə akademiya və əvəzedici heyətdən futbolçularla da seçim imkanlarını genişləndirə bilər.

Neftçi”. "Ağ-qaralar” heyətini böyük ölçüdə formalaşdırıb. Bununla belə, rotasiya imkanlarını artırmaq üçün azad agent statusunda olan qapıçı və mərkəz müdafiəçisinin cəlb olunması mümkündüm Ehtiyat qapıçı kimi Rza Cəfərov olsa da, bu mövsüm hələ forma şansı qazanmayan qolkiperə güvənmək çempionluğa iddialı komanda üçün riskli görünür.

Sabah”. “Bayquşlar” premyer-liqada ən yaxşı heyətə malikdi. 29 futbolçudan ibarət heyətdə, demək olar ki, hər mövqedə rotasiya etmək və fərqli “11-lik”lərlə meydana çıxmaq mümkündü. Bundan başqa, komanda lazım gələndə əvəzedici heyət və akademiyanın futbolçularından da yararlana bilər.

Sumqayıt”. “Gənclik şəhəri” təmsilçisinin durumu isə bir qədər ağırdı. Komandanın heyətində əsas qapıçı kimi yalnız Xəyal Fərzullayev var. Onun zədələnməsi və ya cəzalı duruma düşməsi halında komandanın qapıçı məsələsini necə həll edəcəyi sual doğurur. Hücum xəttində də vəziyyət ürəkaçan deyil. “Sumqayıt”ın heyətində cəmi bir hücumçu – Jeam Oliveyra var. Bu vəziyyətdə nəinki rotasiya etmək, hətta hər hansı zədə və ya cəza halını nəzərə almaq belə ciddi problem yarada bilər. Bu səbəbdən “Sumqayıt” üçün azad agent bazarı xüsusi əhəmiyyət daşıyır.

Şamaxı”. “Şirlər”də vəziyyət sabitdi. Heyətdə kifayət qədər futbolçu var və baş məşqçi Azər Bağırov yay “transfer pəncərəsi”ndə məhdud büdcə ilə yaxşı iş görüb. Komanda həmçinin yerli futbolçuların imkanlarından yararlana bilər. Buna görə də azad agentlər arasında uyğun variant ortaya çıxsa, heyətə əlavə etmək mümkündü.

Turan Tovuz”. Tovuz təmsilçisinin avrokuboklar uğrunda mübarizə aparmaq üçün yetərli heyəti var. Lakin hücum xətti nisbətən kasaddı. İbrahima Vaci və Joa Batista azlıq təşkil edir. Mövcud heyət avrokubok hədəfi üçün kifayət etsə də, çempionluq uğrunda mübarizə aparmaq baxımından hücum xəttinin daha da gücləndirilməsinə ehtiyac var.

Zirə”. “Qartallar”ın formalaşmış heyəti olsa da, rotasiya zamanı meydana çıxan bəzi futbolçular özlərini tam doğrultmayıb. Bu baxımdan komandanın azad agent bazarından 3-4 futbolçu cəlb etməsi heyətdə rəqabəti və seçim imkanlarını artıra bilər.

İSRAYIL XEYRULLAYEV