"Araz-Naxçıvan"ın Misli premyer-liqasının 5-ci turunda "Turan Tovuz"la heç-heçə etdi - 2:2.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Zaur İsmayılov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox gərgin oyun keçdi. Baxmayaraq ki, hesabda öndə idik, ikinci hissədə yenə də kobud və fərdi səhvlərdən qollar buraxdıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə güclüdü. Amma standart vəziyyətlərdən yox, kobud səhvlərimizdən sonra qollar gördük. Oyunun sonunda təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik və heç-heçəyə nail olduq.
- "Turan Tovuz"un qapısına təyin edilən penalti epizodu haqda nə düşünürsüz?
- Təkrara baxdıq. Qapıçı tərəfindən toxunuş var idi. Epizoda baxan kimi dərhal görünür ki, penalti var. Baş hakim özü gedib baxdı, epizodu uzun müddət izlədi. Amma ədalətli qərar penalti təyin olunması idi.
- Beş turdan sonra iki xal sizi nə dərəcədə razı salır? Gözlənilən idi?
- Təqvim bizim üçün ağır idi. Amma biz hər oyuna qələbə üçün çıxdıq. Ötən turda "Qarabağ"a qarşı yaxşı oynadıq, bu mövsüm ilk qollarımızı vurduq. Bu, komanda üçün motivasiya oldu, futbolçuları həvəsləndirdi. Gələcək oyunlarda daha da artım olacaq.
- Komandada mərkəz müdafiəçisi problemi olduğunu düşünürsüz?
- Çalışırıq ki, cinah müdafiəçilərimizi mərkəz müdafiəçisi kimi oynadaq. Problemlər var. Amma çalışırıq ki, cinah oyunçularının köməyi ilə bu problemi həll edək. Öz səhvlərimizdən qollar buraxırıq.
"Gələcək oyunlarda daha da artım olacaq" - Zaur İsmayılov
Ölkə futbolu / Manşet





