“Onlarla daha iki görüşümüz olacaq” - Ramiz Məmmədov məğlubiyyəti adi hal kimi qarşıladı

13.09.2026 09:48 54
Ölkə futbolu
Sentyabrın 9-da 1-ci liqada 2-ci turun mərkəzi oyununda çempionluğa iddialı komandalar - “Şahdağ Qusar”la “Karvan-Yevlax” üz-üzə gəldi. Oyun şimal təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Bu oyunla bağlı hər iki komandanın baş məşqçisinin fikrini soruşduq.

Fizuli Məmmədov (Şahdağ Qusar):

“Daha öncədən təhlil etdiyimiz kimi güclü rəqiblə qarşılaşırdıq. Bu səbəbdən matça ciddi hazırlıq görmüşdük. Gərgin oyun keçdi. Çempionatda belə maraqlı oyunların olması sevindirici hal və inkişafa işarədi. Qələbə qazandığımıza görə sevincliyik. Bütün oyunlarda qələbə qazanmağı hədəfləmişik”.

Ramiz Məmmədov (Karvan-Yevlax):
“Qarşıya qoyduğumuz məqsəd var, sözümüzün arxasındayıq. Futbolda belə eniş-yoxuşlar olur. Çox az komanda məğlubiyyətsiz çempion ola bilir. Biz hər şeyə hazırıq. İndi isə bu oyunu yaddan çıxarıb, qarşıdakı oyuna köklənəcəyik. “Şahdağ Qusar”ı təbrik edirəm. Onlarla daha iki görüşümüz olacaq. Başda özümüz olmaqla hər bir komandaya uğurlar arzulayıram. İddiamız sonuna qədərdi. Hədəfimiz premyer-liqadı.  Əlbəttə, bu matçda uşaqlar yaxşı çıxış etmədilər. Bu futboldu. Ulduz komandalar da məğlub ola bilir”.

İSRAYIL XEYRULLAYEV