"Kəpəz" Misli premyer-liqasının 5-ci turunda "Qəbələ"ni məğlub etdi - 1:0.
"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Hər oyunda qələbə qazanacaq gücdə deyilik. Amma biz hər oyuna qələbə üçün çıxacağıq, qələbəni istəyəcəyik. Ötən turdakı 1:4 hesablı məğlubiyyətdən sonra özümü və komandamızı çox analiz etdim. Düşündüm ki, hələlik hər oyunda bir nömrə və qələbə üçün oynamağa hazır deyilik. Allah qoysa, gələcəkdə şəhərimizin azarkeşləri güclü “Kəpəz” görəcəklər. Bəzi qeyri-səmimi olan azarkeşlərimiz var. Hansı ki, hər məğlubiyyətdən sonra “Kəpəz” haqda sözlər danışırlar, sosial şəbəkələrdə də belə edirlər. Burda oturan baş məşqçiyə, “Kəpəz” camiəsinə imkan verməsələr, komanda hər zaman belə olacaq. İstədikləri hegemon, əvvəlki “Kəpəz”i görmək çətin olacaq. Burda işləyən hər məşqçiyə zaman vermək lazımdı ki, mərhələ-mərhələ “Kəpəz”i əvvəlki durumuna gətirsin. İstər mən olum, istərsə də başqası. Biz “Qəbələ”ni analiz edəndə çox dinamik komanda kimi görmüşdük. Çox yaxşı komandaya qarşı oynayırdıq. Analizimiz də düzgün oldu. Bəzi futbolçuları zərərsizləşdirdik ki, oyunları alınmasın. Futbolçularımız möhtəşəm oynadılar. Ötən turdakı məğlubiyyətə görə çox məyus idim. Bu gün uduzsaydıq da, məyus olmayacaqdım.
- Sanki komanda oyunu yox idi. Daha güclü klublara qarşı necə oynayacaqsız? Nə qədər vaxtdan sonra daha güclü “Kəpəz” görəcəyik?
- Mən sizdən bir az fərqli düşünürəm. Bu dəqiqə futbolda maliyyə önəmlidi. Etiraf edək ki, maliyyə yaxşı olanda daha bahalı futbolçu gətirirsən. Bizim müəyyən məbləğimiz var və bu məbləğə uyğun çox yaxşı komanda yığmışıq. O komandanın gücünə uyğun da futbol oynayırıq. “Şamaxı” ilə bir nömrə oynamaq istəyirdik. Ancaq komandamız hazırda həm gözəl, həm də bir nömrə oynamağa hələlik hazır deyil. Bizə zaman lazımdı. Çempionat yeni başlayıb. Azərbaycanda heç kimə söz verə bilmərəm ki, sabah necə olacaq.
- Bir qələbədən sonra futbolçular eyforiyaya qapıldı və daha sonra acı məğlubiyyətlə üzləşdiz. İndi yenə qalib gəldiz. Növbəti rəqib “Sumqayıt”dı. Qorxu var ki, yenə eyni şey olar?
- Etiraf edim ki, bəli, var. Amma yaşadığımız hər gün bizim üçün təcrübədi. Həmin oyundan sonra analiz etdim ki, bəlkə burda belə etməməli idik. Bu qələbədən sonra daha da təcrübəli olmuşam. Ona görə də eyforiyaya nəinki mən, heç kim qapılmayacaq.
- Dioqo Verdaşkanın sıradan çıxması planları nə qədər alt-üst edib?
- Verdaşka altı həftəlik sıradan çıxıb. Arxa əzələsində yırtılma əmələ gəlib. David son oyununu altı ay əvvəl oynayıb, oyun təcrübəsi yox idi. Amma bu gün çox yaxşı oynadı.
"Hər oyunda qələbə qazanacaq gücdə deyilik" - Azər Məmmədov
Ölkə futbolu / Manşet






