Belə ki, avqustun 23-də bu iki komanda yoldaşlıq görüşündə üz-üzə gələndən sonra qazon yetərincə sıx qrafiklə işlədilib. Avqustun 30-da “Kəpəz” “Turan Tovuz”u, sentyabrın 4-də “Şamaxı”nı qəbul edib, sabah da “Qəbələ” ilə qarşılaşacaq. “Gəncəbasar” da dünən “Xankəndi”ni orda qəbul edib. Komandalar bu müddət ərzində məşq prosesini də eyni stadionda keçiblər.
Nəticədə meydançanın ot örtüyündə müəyyən dəyişikliklərin yaranması gözə çarpır. Belə ki, dünən keçirilən 1-ci liqa oyununda qazonun bəzi hissələrinin saraldığı göründü.
Bəs qazon niyə saralıb? Meydança sıx oyun və məşq qrafiki səbəbindən yüklənibmi? Qazonun indiki durumu ilə bağlı hansı tədbir görüləcək?
“Football-plus.az” bu sualları Gəncə Şəhər Stadionunun direktoru Elçin Osmanova ünvanlayıb:
“Ot örtüyü avqustun isti keçdiyi ölkələrdə bir çox stadionda saralır. Qazonun kölgə düşən hissələrində ot yaşıl rəngdədi. Sadəcə, günəş şüalarının birbaşa düşdüyü ərazilərdə saralma müşahidə olunur. Örtüyün baxımı, dərmanlanması və sulanması qaydasında aparılır. Sadəcə, mövsümlə bağlı saralma var. Avqustla müqayisədə inkişaf var, daha az saralma müşahidə olunur. Bu problem də yaxın müddətdə aradan qalxacaq”.
İSRAYIL XEYRULLAYEV






