"Football-plus.az" xəbər verir ki, bu dəfə “sarı-göylər”in düşərgəsində qalmaqal yaşanmayıb, kimsə kiməsə əl qaldırmayıb, hansısa futbolçu baş məşqçi barədə qalmaqallı açıqlama verməyib. Bu dəfə diqqət mərkəzində Gəncə stadionunun meydanı, daha doğrusu, qazonun durumudu.
Bəlkə də qazon deməklə səhvə yol verdik. Bostanı xatırladan örtüyü nəyə desən, bənzətmək olar, təkcə futbol meydanından başqa. Sadəcə, biabırçılıq... Tutmayan səmənini xatırladan meydan futbol adına ləkədi. Qış fasiləsindən sonra qazonun sıradan çıxdığı hiss olunurdu. Ancaq heç kimin ağlına gəlməzdi ki, yazda ot örtüyü belə vəziyyətə düşəcək. İndi hamını bir sual düşündürür. Niyə belə olub, qazona qulluq edənlər nəyi vaxtında düz etməyib? Ot örtüyü nə vaxt əvvəlki kimi olacaq?
Bu suallara cavab tapmaq üçün “Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Azad bəy stadionun durumu ilə bağlı yalnız ot örtüyünə qulluq edən şirkətlə, yəni “Aqrosport”la danışa biləcəyimizi dedi. Onu da əlavə etdi ki, şirkət rəhbərliyi məsələ ilə bağlı ictimaiyyətə açıqlama verəcək.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, örtüyün sıradan çıxmasına səbəb ota düşən xəstəlikdi. Vaxtında bunun qarşısı alınmadığından qazon pis vəziyyətə düşüb. Mənbəmiz onu da bildirdi ki, qarşıdakı 15 gündə örtüyün düzələcəyi inandırıcı görünmür. Gəncədə havaların soyuq keçməsi buna imkan vermir. Ən yaxşı halda qazon mayın ortalarında əvvəlki günlərini xatırladacaq.
Mənbəmizin sözlərindən belə aydın oldu ki, premyer-liqanın 30-cu turu çərçivəsində aprelin 15-də keçirilməli olan “Kəpəz” – “Turan Tovuz” matçının Gəncədə baş tutması da sual altındadı. Görəsən, çempionatın təşkilinə cavabdehlik daşıyan PFL belədə hansı addımı atmağı düşünür? Bu sualla qurumun texniki-idman direktoru Elgiz Abbasova müraciət etdik. Onun məsələyə reaksiyası belə oldu:
“Bildiyiniz kimi, hələ mövsümdən öncə Gəncə şəhər stadionunun ümumi durumu müzakirə mövzusu idi. Həmin vaxt daha çox əsas və yardımçı otaqlarla bağlı problemlər vardı, ot örtüyü isə yaxşı vəziyyətdə idi. Bu gün ot örtüyü ilə bağlı problemlər meydana gəlib. Məsələ ilə bağlı “Zirə” ilə oyundan öncə klub rəhbərliyi ilə danışmışıq. Və onlara vəziyyəti nəzarətə götürməyin vacib olduğunu bildirmişik. Bu faktdı ki, son matçda problem daha da dərinləşib. Əlbəttə, klub rəhbərliyi ilə danışdıq, narazılığımızı dilə gətirdik. Və belə meydanda oyun keçirməyin PFL-in maraqlarına xidmət etmədiyini vurğuladıq. Bizə bildirildi ki, hazırda stadionun qazonunda renovasiya işlərinə başlanılıb, yeni toxum səpilib. Amma bunun bəhrəsini aprelin 15-nə nəzərdə tutulan qarşılaşmada tam görə bilməyəcəyik. Qismən yaxşılaşacağını bildirdilər. Oyundan 5 gün öncə, yəni aprelin 10-da meydana vizual baxış keçirəcəyik. Bundan sonra aprelin tam təqviminin açıqlanmasına baxmayaraq, PFL Əsasnaməyə uyğun, idman prinsiplərini əsas götürməklə müvafiq addımlar atıla bilər”.
RƏŞAD





