“Kəpəz” doğma meydanda keçirdiyi ilk oyunda iddialı “Turan Tovuz”u məğlub etməklə azarkeşlərini sevindirmişdi.
Bu dəfə isə rəqib “Şamaxı” idi. Gəncəlilər azarkeşləri qarşısında darmadağın oldu.
Oyunsonrası mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov qırılma nöqtəsi kimi buraxılan 3-cü qoldan öncə hakimin verdiyi səhv aut qərarını göstərdi. Mütəxəssisin sözlərinə görə, həmin epizodda top “Kəpəz”ə verilməli idi.
“Football-plus.az” olaraq, həmin epizoda yenidən baxdıq. Görüntülərdən aydın olur ki, 62-ci dəqiqədə “Kəpəz”in hücumunun qarşısını alan Abdul Raşid Mumini topla irəliləyərkən Adama Fofana ilə mübarizəyə girir. “Şamaxı”nın müdafiəçisi topu rəqibin ayağının üstündən aşırır, topa çatmağa cəhd etmir, topun rəqibdən çıxdığını iddia edir. Eyni zamanda, Fofana da haqlı olaraq, topun sonuncu dəfə Muminiyə dəydiyini bildirir. Yan xətt hakimi isə autu qonaqların xeyrinə verir.
Bəli, fikrimcə, bu qərar səhv idi, topu autdan “Kəpəz” oyuna daxil etməliydi. Amma maraqlısı bundan sonrakı hadisələrdi.
Qonaqlar topu oyuna daxil etməmiş dəyişikliyə əl atır: Axvledianinin əvəzinə Şuaybu oyuna qoşulur. Bu isə “Kəpəz”ə müdafiədə mövqelərini yenidən qurmaq üçün əlavə vaxt verir. Ardınca top oyuna daxil edilir, Ruy Paşeko Ayman Boualiyə ötürmə verir, mərakeşli isə topu qapıçıdan uzaq küncə göndərir və “şirlər” fərqi artırır.
Düzdü, bu qoldan sonra “Şamaxı” daha rahat oynamağa başlayır. Ancaq autdan sonra “Kəpəz”in müdafiə olunmaq üçün yetərincə vaxtının olduğu da nəzərə alınmalıdı.
Bəli, referinin qərarı səhv idi. Amma həmin səhvi Gəncə təmsilçisinin azarkeşləri qarşısında aldığı 1:4 hesablı məğlubiyyətin əsas səbəbi kimi göstərmək də düz deyil.
İSRAYIL XEYRULLAYEV
Azər Məmmədov haqlıdı, amma… - “Kəpəz”in darmadağının günahkarı hakimdi?
Ölkə futbolu / Manşet





