“Mənim taleyimi daha başqaları həll etməyəcək!” - Rişarlison “Tottenhem”dən getmək istəyir

7.09.2026 14:46 108
Dünya futbolu
İndi Avropa futbolunda təkcə Xulian Alvares arzusunu gerçəkləşdirmək baxımından əziyyət çəkmir. Rişarlison da eyni dərddədi. O, israrla “Tottenhem”dən getmək istəyir. Hədəf “Everton”du, ancaq keçid şansı azdı.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi “Nyukasl”la oyundan sonra dedi ki, üç futbolçu – Rişarlison, Kevin Danso və Pap Matar Sarr klubdan getmək istəyir:

“Onlarla münasibətlərim çox yaxşıdı. Ancaq getmək istəyirlərsə, kluba bu məsələnin iqtisadi həllini təklif etməlidilər. Nə vaxt bunu etsələr, biz də başqa oyunçular tapacağıq”.

Danso “Sanderlend”ə icarəyə veriləcək, İngiltərə klubu sonradan 25 milyon funt ödəməklə futbolçunu almalıdı, Sarrı 2 milyon avroya “Yuventus” icarəyə götürür. Rişarlison isə havadan asılı qalıb. Onun sosial şəbəkə paylaşımını oxuyaq:

“Bütün son illərdə yaşadıqlarımdam sonra qərara gəldim ki, bir daha mənim taleyimi başqaları həll etməyəcək. Bütün bu müddət ərzində çoxlu pis şey yaşadım, bunların hamısının səbəbi isə başqa adamların verdiyi qərarlardı. Təzyiq, təhdid, qisas – bunların heç biri məni qorxutmur. Bundan da pisini yaşamışam... İnanın! Həmişə mövqeyim belə olub ki, başqa yerə keçidim kluba sərf etməlidi. Ümid edirəm ki, mən həmişə “Tottenhem”ə hörmətlə yanaşdığım kimi klubda da mənə eyni münasibəti göstərəcək. Mənim əvəzimə qərar verməyə cəhd etməyin”.

Ardından braziliyalı hansı kluba keçmək istədiyini dəqiqləşdirib:

“Tottenhem”lə “Everton” arasında razılıq əldə olunsa, sevimli komandama (2018-22-ci illər aralığında şərəfini qoruduğu “Everton”u nəzərdə tutur – red.) qayıdacam. Həqiqətən də çox xoşbəxt olduğum yerə qayıtmaq istəyirəm. Ancaq danışıqlar istədiyim kimi keçmədi. İndi hər şey fərqli olacaq. Bütün bu qarışıqlığa baxmayaraq, “Tottenhem”lə müqaviləm var. Və mən klub üçün əlçatan olacam”.

Adamlar paylaşımın altındakı şərhlərdə braziliyalını tənqid edib. Kimsə onu minnətlə çalışmaqda qınayır, kimsə yazır ki, əslində “Tottenhem” forvardın uzunmüddətli enişlərinə dözüb, psixoloji problemlərdən qurtulacağı günü gözləyib.

Bir müddət əvvəl belə informasiya yayıldı ki, “Tottenhem” “Everton”dan İliman Ndiayı alacaq, Rişarlison isə Liverpula yollanacaq və bunlar fərqli sövdələşmələr olacaq. Son məlumata görə, Ndiay “Mançester Siti”yə keçəcək, “Tottenhem” “Çelsi”dən Mixail Mudriki icarəyə götürəcək. Rişarlisonun məsələsi isə açıq qalır.

Braziliyalı premyer-liqanın ilk turunda – “Tottenhem”in “Brentford”a 0:3 uduzduğu oyunda 68 dəqiqə meydanda oldu, “Nyukasl”la növbəti oyunda isə iştirak ərizəsinə düşmədi. Bu oyun da “mahmızlar”ın məğlubiyyəti ilə bitdi – 0:2.

29 yaşlı Rişarlison “Everton”la “Tottenhem”in hər birində 4 mövsüm keçirib. Liverpul klubunda daha məhsuldar olub: orda 53, onun üçün 58 milton avro ödəyən londonluların heyətində 32 qol vurub.

Zədələr forvardın karyerasına müntəzəm əngəl olub, ancaq “Tottenhem”də bunların sayı artıb. 2024-cü ilin ikinci yarısında Rişarlison yalnız 7 oyun keçirib, ümumiyyətlə, 2024-ün aprelindən 2025-in aprelində qədər klub və yığma səviyyəsində 51 oyun buraxıb.

Hər halda, Rişarlison “Tottenhem”lə Avropa Liqasının qalibi (finalda 67 dəqiqə), 2025/26 mövsümündə isə 12 topla (11-i premyer-liqada) klubun bombardiri olub. Bununla belə, londonlular az qala çempionşipə yuvarlanacaqdı. Yeri gəlmişkən, “Everton” da finişə 4 pillə yuxarıda çatdı. Rişarlison həm də yığmanın DÇ-2026 üçün heyətindən kənarda qaldı.

Ümumiyyətlə, braziliyalı o qədər də tez-tez danışmır, ancaq xoşuna gəlməyən şeylərə də hədsiz sərt şəkildə münasibət bildirir. Məsələn, 2023-cü ildə “Tottenhem” ÇL-in pley-offunda gözlənilmədən “Milan”a uduzdu, Rişarlison isə sonradan meydana çıxdığına görə qəzəbləndi:

“İfadəyə görə bağışlayın, bu mövsüm, sadəcə, zibildi, ona görə ki, mən oynamıram. Zədəm var idi. Meydana çıxanda canımı qurban verməyə hazıram. Son iki oyunu yaxşı keçirmişdim. Hesab edirəm ki, start heyətində meydana çıxmalıydım”.

Braziliyalı ulduz Antonio Konteni də tənqid etdi:

“Hər şey yaxşı gedirdi, yaxşı dönəmə qədəm qoymuşdum. Qəfil baş məşqçi məni ehtiyat oyunçular skamyasında oturdu, “Vulverhempton”la oyunda 5 dəqiqəliyə meydana buraxdı. Soruşdum ki, niyə belə? Cavab vermədi. Oyundan bir gün əvvəl zalda test verməyi xahiş etdi ki, oynamağa hazır olub-olmadığımı bilsin. Və düz oyun ərəfəsində məni ehtiyata atdı. Belə şeyləri, sadəcə, anlamaq mümkün deyil”.

Düzdü, Rişarlison həmin vaxt bütün mövsüm ərzində keçirdiyi 25 oyunda yalnız 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı. Sonradan dediyinə görə, Kontedən üzr istəyib:

"O, komanda iclasında hər kəsin qarşısında məni təxminən iki saat danladı. Daha sonra oyunçular hətta dedilər ki, "Rişi, bir daha belə etmə".

Rişi Vinisiusun La Liqa oyununda tribunalardan təhqirə məruz qalmasına, həmçinin həmvətəninin “Qızıl top” uğrunda mübarizədəki məğlubiyyətinə də sərt reaksiya vermişdi:

“Vininin o mükafatı almaması biabırçılıqdı. Futbol uduzdu”.

Forvard 2023-cü ilin payızında da problemlərdən gileylənmişdi:

“Son beş ay mənim üçün meydandan kənarda sakit keçməyib. İndi evdə hər şey qaydasındadı. Yalnız mənim pullarım haqda düşünən adamlar getdilər”.

Onun depressiyaya düşdüyü dönəmlər də olub. DÇ-2022-dən sonra vəziyyət daha çətin idi:

“Bütün mümkün problemlər üzərimə sel kimi gəldi: turnirdə dayanmaq, agentin satqınlığı, ailə problemi, sağlamlıq durumum... Yarım il ərzində, demək olar ki, hər gün taleyin zərbələri ilə üzləşdim. Həyatda ilk dəfə bu qədər problemin öhdəsindən gəlməli oldum. Bir dəfə maşınla gedəndə öz-özümə düşündüm ki, onu divara çırpım, canım qurtarsın”.

Sonradan hər şey qaydasına düdü: bunun üçün bacarıqlı vəkil tutdu, psixoloqla çalışdı, ötən yay ona oğul bəxş edən xanımla qarşılaşdı. Rişarlisonun həyatı öz axarına düşsə də, futbol baxımından yenə də problemlər qalır.