Darmadağın Gəncəni iki yerə parçaladı – hansı Azər yaxşıdı?

5.09.2026 16:54 62
Ölkə futbolu / Manşet
Dünən premyer-liqanın 4-cü turunun oyununda Gəncə şəhər stadionunda “Kəpəz”lə “Şamaxı” qarşılaşdı. Bir tərəfdə yeni mövsümün ilk oyunlarından ortaya iddiasını qoymaq istəyən, arxasında 15 minlik azarkeş ordusunun dəstəyini hiss edən “Kəpəz”, digər tərəfdə isə daha səviyyəli futbolçulardan qurulan, Gəncə komandasını daha yaxından tanıyan Azər Bağırovlu “Şamaxı” var idi.

Tribunaları dolduran azarkeşlər mövsümün rekordunu yenilədi, komandadan yalnız mübarizə yox, hücum futbolu, dominantlıq və qələbə gözlədi. “Kəpəz” də bu atmosferdən ruhlanaraq ilk dəqiqələrdən meydanda “bir nömrə” olmaq niyyətini ortaya qoydu. “Sarı-göylər” hadisələrin axarını izləmək əvəzinə təşəbbüsü ələ almağa çalışdı. Komanda evdə, 15 min azarkeşin qarşısında “buranın ağası bizik” mesajını vermək istəyirdi. Tribunaların yaratdığı atmosfer də futbolçuları hücuma səsləyirdi. Amma futbolda istək həmişə kifayət etmir…

“Şamaxı” rəqibin bu həvəsini bağışlamadı. “Şirlər” “Kəpəz”in oyuna emosional yanaşmasından maksimum yararlanmağı bacardı. Gəncəlilər hücuma atıldıqca arxada boşluqlar buraxdı, “Şamaxı” isə həmin boşluqları gördü və cəzalandırdı.

Nəticədə Gəncə futbol ictimaiyyəti iki yerə parçalandı: komandaya vaxt vermək tərəfdarı olanlar da var, belə acınacaqlı məğlubiyyəti şəhərə yaraşdırmayan, Azər Məmmədovun bacarığını şübhə altına alanlar da.

“Football-plus.az” “Kəpəz” azarkeşlərinin nəticə ilə bağlı yazdığı şərhlərdən bəzilərini təqdim edir.

İbrahim İmran: Heyif o stadiona, heyif o azarkeş dəstəyinə. “Kəpəz”in köhnə stadionu necə sökülüb yenisi inşa edildisə, bu komandada məşqçi heyyətindən tut bütün futbolçulara qədər sıfırdan yenilənməlidi. O cür səviyyəli stadiona, səviyyəli azarkeşlərə səviyyəli komanda yaraşır, belə səviyyəsiz komanda yox.

Rəşad Zülfüqarov: Azər Bağırov göstərdi ki, əvəzolunmaz məşqçidi.

Xanlar Məmmədov: Mən hələ keçən mövsümün axırlarında hiss etdim ki, Gəncədə Azər Bağırova qiymət verilmədi… İki dəfə komandanı turnir cədvəlinin dibindən çıxarıb premyer-liqada saxladı. Heç kim o işi bacarmazdı. Niyə onu saxlamadılar? Niyə şərait yaratmadılar ki, işləməsin? “Şamaxı”nın oyunundan zövq aldım... Dünən “Kəpəz” bir nömrə kimi oynamaq istədi, “Şamaxı” isə ona bir nömrə olmağın nə qədər çətin olduğunu göstərdi, özü də Azər Bağırov sayəsində…

İSRAYIL XEYRULLAYEV