Avropada qapıçı sirkulyasiyası

22.08.2026 15:32 1
Dünya futbolu
"Football-plus.az" xəbər verir ki, Avropada yay transfer dönəmi davam edir.

Bu dəfə sahə oyunçularının yox, qapıçıların transferindən danışacağıq. Bəzi klubların bir-birindən qapıçı alması “domino” effekti verib. Söhbət “Tottenhem”, “Aston Villa”, “Yuventus” və PSJ-dən gedir. Eləcə də dünyanın ən güclü qapıçılarının yeni siyahısına nəzər salacağıq.

Vikario “Yuve”yə...
“Tottenhem”in italiyalı qapıçısı Qulyelmo Vikarionun klubunu dəyişəcəyi ilə bağlı xəbərlər transfer dönəminin əvvəllərindən mövcud idi. Çünki londonluların italiyalı çalışdırıcısı Roberto De Zerbi nədənsə həmyerlisinə yox, çexiyalı Antonin Kinskiyə şans verməyi planlaşdırırdı. Ona görə də “Tottenhem” Vikorio üçün gələcək istənilən təklifi nəzərdən keçirməyə hazır idi. Bu qapıçıya ən çox “İnter” maraq göstərirdi.

“Qazetto dello Sport” ilk dəfə hələ apreldə tərəflərin ilkin anlaşma əldə etdiyini oxucularına çatdırmışdı. Ancaq ilkin anlaşma hələ transferin tamamlanması demək deyil. Ciddi şəkildə qapıçı axtarışında olan “Yuventus” işə qarışandan sonra vəziyyət dəyişdi. İyunun əvvəllərində Fabritsio Romano “Yuve”nin Vikarionun təmsilçisi ilə əlaqə qurduğunu ictimaiyyətə açıqladı. Bu xəbər gözlənilməz oldu. Çünki “Yuve”nin “Aston Villa”nın qapıçısı Emiliano Martinesi heyətinə qatacağı güman edilirdi. Amma avqustun 16-da Romano argentinalı əlcək sahibinin Turinə yollanmayacağını açıqladı. Səbəb isə tələblə təklif arasındakı fərqin həddən artıq böyük olması idi. “Aston Villa” dünya çempionuna görə 15 milyon avro tələb edirdisə, “Yuventus” işi maksimum 6 milyon avro ilə həll etməyin mümkün olduğunu düşünürdü. Üstəlik problem təkcə bununla bağlı deyildi. Təcrübəli qapıçının barmağında zədə var idi. “Yuve” rəsmiləri bunu da nəzərə alaraq sonda üstünlüyü Vikarioya verdilər. Avqustun 18-də keçid tamamlandı.

Romanonun məlumatına görə, “qoca sinyora” 29 yaşlı qapıçını birilliyə icarəyə götürüb. “Yuve” gələn yay onu daimi transfer etmək istəsə, 10 milyon avro ödəyəcək.

...Sudzuka “Aston Villa”ya qismət oldu
Martinesə gəlincə, qeyri-adi nəsə baş verməsə, o, bu yay artıq “Aston Villa”nı tərk etməyəcək. Səbəb isə sadədi. Nikolo Skiranın paylaşdığı xəbərə görə, tanınmış qapıçı tezliklə sınıq barmağında əməliyyat keçirməyi planlaşdırır. Onun qayıdışı isə 3 aydan tez baş tutmayacaq. Belə vəziyyətdə çətin kimsə ona yaxın dursun. Hərçənd “Yuve”yə görə Martines bəlkə də əməliyyatı təxirə sala bilərdi. Onsuz da DÇ-2026-nı qırıq barmaqla yola vermişdi. “Aston Villa” özü isə “Parma”dan Dzion Sudzukanı transfer edib.

Yaponiyalı atanın və qanalı ananın övladı olan bu qapıçının bir müddət öncə PSJ-yə keçdiyi bildirilirdi. Sən demə, anlaşma son anda ləğv olunubmuş. Səbəb isə italyanlar tərəfindən son anda komissiya haqqının ödəniş planının dəyişdirilməsi olub. Əvvəlcə tərəflər “30+5” milyon avroya anlaşmışdılar. Yaponiyalı qapıçının menecerləri də bütün şərtləri qəbul etməyə hazır idilər. 3 milyon avroluq komissiya haqqı müəyyənləşdirilmişdi. Amma sonradan danışıqlara hər iki klubu təmsil edən başqa şəxslər daxil oldu. Onların yeni tələblər irəli sürməsi isə transferin üzərindən qalın bir xətt çəkdi. Hadisələrin belə axarından sonra “Aston Villa” dərhal “Parma” ilə əlaqə saxladı. Məlum oldu ki, birmingemlilər də parislilər kimi qarşı tərəfə 35 milyon avro təklif ediblər. Qapıçının özünə isə 2031-ə qədər müqavilə təklif olunub. 27 yaşlı əlcək sahibi avqustun 17-də İngiltərəyə yollanaraq tibbi müayinədən keçdi və artıq komandanın düşərgəsindədi.

Qeyd edək ki, bu klublar arasında qapıçı sirkulyasiyası “Yuventus”lu Mikele Di Qreqoriodan da yan ötməyib. İnamsız oyunu üzündən hələ ötən mövsümün sonlarına yaxın gözdən düşərək ehtiyat qapıçıya çevrilən Di Qreqorio aydın məsələdi ki, Vikarionun gəlişindən sonra gününü ehtiyat oyunçular skamyasında keçirəcək. Amma qapıçı belə aqibətlə barışmaq istəmir və tezliklə “Yuve”ni tərk etmək arzusundadı. 29 yaşlı əlcək sahibi ulduzunun parladığı “Montsa”ya dönə bilər. Amma hələlik bu, yalnız şayiədi.

Dünyanın ən güclü qapıçıları arasında rusiyalı da var
Qapıçılarla bağlı mövzunu ESPN-in açıqladığı siyahı ilə davam etdiririk. Bu kanal hazırda dünyanın ən güclü qapıçılarının ilk “10-luğ”unu açıqlayıb. Öncə siyahıya nəzər salaq.

1. David Rayya (İspaniya, Arsenal)
2. Tibo Kurtua (Belçika, Real)
3. Canluici Donnarumma (İtaliya, Mançester Siti)
4. Unay Simon (İspaniya, Atletik)
5. Xuan Qarsiya (İspaniya, Barselona)
6. Emiliano Martines (Argentina, Aston Villa)
7. Alisson Bekker (Braziliya, Liverpul)
8. Dioqo Koşta (Portuqaliya, Portu)
9. Cordan Pikford (İngiltərə, Everton)
10. Matvey Safonov (Rusiya, PSJ)


Siyahıda gözə batan ilk məqam orda birdən-birə 3 ispaniyalının yer almasıdı. David Rayya reytinqin zirvəsində qərarlaşmasına və “Arsenal”la çempion olaraq premyer-liqada hamıdan çox “quru” oyun keçirməsinə baxmayaraq, bütün mundialı ehtiyatda keçirməli oldu. Elə digər ispaniyalı Xuan Qarsiya da adından söz etdirərək ötən mövsüm “böyük beşlik”də minimum 30 oyuna çıxan qapıçılar arasında ən az (21) qol buraxan oldu. Amma hamımızın da bildiyi kimi DÇ-də hamıdan güclü olan İspaniyanın qapısını “Atletik”li Unay Simon qorudu. Ötən mövsüm ÇL-də “çərçivə”yə gələn zərbələrin 81,5 faizini dəf edən Tibo Kurtua siyahıda 2-ci, ayaqla oyunda problem yaşamasına baxmayaraq, ötən mövsüm bir sıra seyvlər edən Canluici Donnarumma 3-cü pillədə qərarlaşıb.

Bundan başqa, siyahıda Fransa və Almaniya kimi ölkələrdən qapıçılar olmadığı halda, Rusiyadan qapıçının olması diqqəti çəkir. Mundialda iştirak etməməsinə rəğmən, penalti qaytarmaq bacarığı ilə seçilən və PSJ-nin ötən mövsüm əldə etdiyi uğurlarda böyük rol oynayan Matvey Safonov hazırda dünyanın 10 ən güclü qapıçısından biridi! Maraqlıdı ki, düz bir il öncə - 2025-in avqustunda Safonovun Paris nəhəngini tərk etməsi gündəmdə idi. Çünki istedadlı fransalı qapıçı Lüka Şevalye yenicə 40 milyon avroya “Lill”dən transfer olunmuşdu. Hamı mövsümboyu məhz bu qapıçının əsas heyətdə oynayacağını güman edirdi. Ancaq dekabrdan vəziyyət dəyişməyə başladı. Luis Enrike Şevalyenin performansından razı qalmayaraq Safonova şans verdi. Qitələrarası kubokda “Flamenqo” ilə oyunsonrası penalti seriyasında 4 zərbəni dəf etməsinin ardından isə rusiyalı qapıçı təkcə Luis Enrikenin yox, PSJ fanatlarının da sevimlisinə çevrildi və daim əsas heyətdə oynamağa başladı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul