Dünən Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Dinamo” üzərindəki qələbədən sonra “Qarabağ”ın hücumçusu Musa Qurbanlı da jurnalistlərin suallarını cavabladı.
- Əvvəlcə oyunla bağlı düşüncələrini öyrənək…
- Qalib gəldiyimizə görə çox sevinirik. Bu gün qalib gəlməyi çox istəyirdik. Çünki son oyunlar bir qədər bizim üçün gərgin olmuşdu. Qələbə qazana bilməmişdik. ÇSKA ilə iki oyun 0:0 hesabı ilə başa çatdı, penaltilərdə məğlub olduq. Bu mərhələnin də ilk görüşündə üzülən tərəf olmuşduq. Amma yenə də özümüzə inanırdıq. Çünki çox olub ki, belə çətin anlarda xarakter göstərmişik. Düşünürdük ki, bu gün də o xarakteri içimizdən çıxarıb, geridönüş edə biləcəyik. Ona görə belə sevincliyik. İnşallah, növbəti mərhələdə də qələbə qazanmaq, qrupa düşmək üçün oynayacağıq.
- Pley-offda rəqibiniz “Tvente” olacaq. Növbəti matçla bağlı nə düşünürsən?
- Bu komanda ilə iki dəfə qarşılaşmışıq. Bir dəfə məğlub olmuşuq. İlk dəfə qrup mərhələsinə bu rəqiblə oyundan sonra adlamışdıq. İnşallah, bu dəfə də qalib gəlib, əsas mərhələyə keçən tərəf olmaq istəyirik. Məqsədimiz də, gözləntimiz də budu.
- Bu dəfə də start heyətində başlamadın. Gələn dəfə bunun üçün daha çox çalışacaqsan?
- Əlbəttə. Onsuz da çox çalışıram. Hər gün öz üzərimdə işləyirəm, inkişaf etməyə, oyunumu artırmağa, üzərinə nələrsə qoymağa çalışıram. Baş məşqçimiz şans verəcəyi təqdirdə maksimum özümü doğrultmağa çalışacağam. Əlimdən gələni edəcəyəm ki, komandama fayda verim. Öz üzərimdə çalışıram, özümə güvənirəm. Düşünürəm ki, hər şey həm mənim üçün, həm də komandamız üçün yaxşı olacaq.
- Yeni oyunçularla oynamağa öyrəşmisən? Çətinliklər varmı?
- Gedənlər və gələnlər, dəyişikliklər oldu. Hələ ki bir qədər çətinliklər var, amma düşünürəm ki, zamanla daha yaxşı olacaq.
İSRAYIL XEYRULLAYEV