Ardıcıl iki mövsüm çempion olan “Xankəndi” əvvəlcə 2-ci, ardından 1-ci liqaya vəsiqə qazandı. Qaçqın həyatı yaşayan komanda artıq ev oyunlarını təmsil etdiyi şəhərdə - Xankəndidə keçirmək istəyir.
Əslində həmin stadionda oyun keçirmək üçün hər cür şərait var. İş ondadı ki, 1-ci liqada mübarizə aparan MOİK də ev oyunlarını Xankəndi şəhərində keçirmək niyyətindədi. Bu məsələ ilə bağlı son sözü, çox güman, Gənclər və İdman Nazirliyi deyəcək.
“Xankəndi”nin meneceri Rəşad Babayevin “Futbol+”ə açıqlaması:
“Xankəndi” futbol klubu olaraq, 1-ci liqada ev oyunlarını Xankəndi Şəhər Stadionunda - azarkeşlərimizin qarşısında keçirmək istəyirik. İlk gündən bu bizim arzumuzdu. Lakin bu məsələnin həlli bizdən asılı deyil. Bu sual əslində bizə yox, stadionun tabeliyində olduğu Gənclər və İdman Nazirliyinə ünvanlanmalıdı. Sadəcə, onu deyə bilərik ki, əlaqələrimiz var. Ötən il gənclər və idman naziri Fərid Qayıbova, AFFA prezidentinə məktub yazmışdıq. O gündən etibarən nazir mətbuata bir neçə dəfə məlumat verib ki, stadion təmir bitəndən, istismara hazır olandan sonra yerli klubların istifadəsinə veriləcək. O komandalardan ən birincisi bizik. Şəhəri futbol turnirlərində təmsil edən klub “Xankəndi”di. Klub var, mövcuddu, bu da onu göstərir ki, stadiondan istifadə hüququ bizə verilməlidi. Bunun hansı formada və hansı əsaslar üzrə olacağını razılaşdırmaq lazımdı. Hələ ki yay mövsümüdü. Hər kəs istirahətdədi. Bizə deyilənə görə, stadionun təmiri sentyabrda bitməlidi. Bir daha cəhd və müraciət edəcəyik. Stadionla bağlı danışıqda hansı mərhələdə olduğumuzu yalnız o zaman biləcəyik. Hazırda heç bir nəticə yoxdu. Xankəndidə oynamağı arzulayırıq. Ümidvaram ki, dövlət qurumları, nazirlik stadionla bağlı yekdil qərara gələrlər. Stadiondan istifadənin hansı şərtlər altında mümkün olacağı ilə bağlı fikirlərini bildirərlər. “Xankəndi”nin gələn mövsüm ev matçlarını hansı stadionda keçirəcəyi ilə bağlı məsələ hələ də cavabsız qalıb.
Digər sualı, yəni MOİK-in orda oynamaq ehtimalı ilə bağlı sualı bizim cavablamağımız düz olmaz. Son iki-üç ildə bu barədə danışılır. Biz də bu barədə mətbuatdan məlumat almışıq. MOİK də Azərbaycan klubudu. Hər iki klub birinci liqada çıxış edir. “Xankəndi” son iki mövsümü çempion kimi başa vurub. Mənə elə gəlir ki, hər iki klub stadionun imkanlarından istifadə edə bilər. Lakin bu qərarı vermək hüququ heç bir klubdan asılı deyil. Bu barədə son sözü Gənclər və İdman Nazirliyi deyəcək. Biz də onlardan cavab gözləyirik”.
İSRAYIL XEYRULLAYEV