Valdas Dambrauskas, Yuri Vernidub kimi baş məşqçilər bu çempionata rəng qatır, konkret nəticələr verməyə çalışır və verir. Bu siyahıya Jorj Kaşkilyanı da əlavə etmək olar. Portuqaliyalı mütəxəssis komandanı elitaya çıxaran Fərid Namazovun yerinə təyinat alanda birmənalı qarşılanmamışdı. Amma komandanın sərgilədiyi oyun və göstərdiyi nəticə Kaşkilyaya, kollektivinə simpatiya yaratdı. İndi isə Kaşkilyanın yayda Aran təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər dolaşır.
“İmişli” rəhbərliyi bu qərarı versə, heç də düzgün olmayacaq. Portuqaliyalı çoxu 1-ci liqadan gələn futbolçularla bu mövsüm elitada adından söz etdirməyi bacardı. “Qarabağ”ın, “Turan Tovuz”un, “Zirə”nin, “Neftçi”nin məğlub edə bilmədiyi, çempion “Sabah”a qalib gələn yegane komanda də məhz “İmişli”di. Mühacir həyatı yaşayan, doğma şəhərə həsrət qalan komandanı praqmatik futbol oynadığını görə də qınamaq olmaz. Kaşkilya əlindəki heyətə və rəqibə görə planlar qurur. Portuqaliyalı çalışdıcı bu mövsüm “Qarabağ”dan başqa bütün komandalardan xal və xallar alıb. İstisna, sadəcə, “Sumqayıt”dı ki, 1-ci dövrədəki oyunda da qələbə qazanmışdılar, klub rəsmilərinin məsuliyyətsizliyinə görə texniki məğlubiyyətlə üzləşdilər.
İndi bu məşqçini necə göndərəsən?! Klubdan “Futbol+”ə gələn mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqları informasiyası çatıb. Bu isə büdcənin birbaşa artması deməkdi. Onda baş məşqçinin də maaşı qalxmalıdı. Bu məsələ ilə bağlı klubun icraçı direktoru Aqşin Mürsəlovla da əlaqə saxladıq, yazılanların nə dərəcədə doğru olub-olmadığını öyrəndik. Aqşin bəy bu xəbəri nə təsdiq, nə də təkzib etdi:
“Mən də oxumuşam, Səbuhi Musa yazıb. Amma biz ona belə məlumat verməmişik. İstinad verməyib, yəqin ki, öz müşahidələri əsasında yazıb. Biz klub olaraq, heç bir qərar verməmişik. İndiki baş məşqçini göndərək, yoxsa başqa mütəxəssislə danışıqlara başlayaq – hələ ki bunlar yoxdu. Jorj Kaşkilyanın da təklifləri var. Mövsüm bitəndən sonra oturub, bunları danışacağıq. Qalmaq istəyirsə, şərtləri nədi və s. və i.a. Getmək istəsə, heç kimi tutub saxlamayacağıq ki, getmə. Məşqçi ilə bağlı qərar verməmişik. Nə kimləsə danışıq aparırıq, nə də Kaşkilyanı göndəririk”.
MÜZƏFFƏR QULUZADƏ






