“Mançester Siti” ilə bağlı təhqiqat davam edir. İngiltərə nəhənginin ağır sanksiyalara məruz qalmaq təhlükəsi qalır.
"Football-plus.az" xəbər verir ki, yerli mənbələr hətta MS-nin 5-ci diviziona göndərilə biləcəyini də vurğulayır.
“The Telegraph”ın məlumatına görə, “maliyyə feyr-pleyi” qaydasının çoxsaylı pozuntuları təsdiqlənərsə, komanda təkcə premyer-liqadan yox, həm də İngiltərənin bütün peşəkar futbol sistemindən xaric oluna bilər.
Əksər ekspertlər əvvəllər “Siti” üçün ən ağır cəzanın xalların silinməsi və ya premyer-liqadan aşağı liqaya düşməsi olacağını proqnozlaşdırmışdılar. Lakin mövcud qaydalar klub üçün təhlükəli vəziyyət yaradır: çempionşip, 1-ci liqa və 2-ci liqanı idarə edən İngiltərə Futbol Liqası premyer-liqadan xaric edilən klubu avtomatik öz üzvlüyünə daxil etmək üçün rəsmi öhdəlik daşımır. İngiltərə Futbol Liqası cəzalandırılmış klubu qəbul etməkdən imtina edərsə, MS rəhbərliyi Milli Liqaya müraciət etməli olacaq. Bu isə yarı-peşəkar statusa malik 5-ci diviziondu.
Hazırda müstəqil komissiya kluba qarşı maliyyə pozuntuları ilə bağlı 115 iddianı araşdırır. Dinləmələr davam edir və bu il İngiltərə futbolunun mənzərəsini dəyişdirə biləcək yekun hökmün verilməsi gözlənilir.
Ən pis ssenari reallaşarsa, dünyanın ən varlı klublarından biri bir neçə min tamaşaçı tutumuna malik stadionlarda yarı-peşəkar komandalarla oynamaq məcburiyyətində qalacaq.