“Kayzerslautern”in futbolçusu Mahir Emreli 2025-ci ildə ciddi uğurla yadda qalmadı.
Həm ilə başladığı “Nürnberq”də, həm də yaydan etibarən formasını geydiyi “Kayzerslautern”də az şans qazanan həmvətənimizin 2026-cı ildə nəyə nail olacağı maraq doğurur. Ancaq bunun üçün əvvəlcə zədəsini sağaltmalı, sonra yaşıl meydanlarda fırtına kimi əsməlidi.
“Football-plus.az” xəbər verir ki, futbolçu artıq fərdi məşqlərə başlayıb. Gələn həftədən topla məşqlərə start verəcəyi gözlənilən hücumçu özünü 2-ci bundesliqada ilin ilk oyunu üçün hazır vəziyyətə gətirməlidi.
Maraq üçün qeyd edək ki, “qırmızı iblislər” yanvarın 18-də 18-ci tur çərçivəsində keçiriləcək oyunda “Hannover 96”nı qəbul edəcək. İş ondadı ki, Mahirin bu oyunu da buraxmaq ehtimalı var. Futbolçu özü də bunu etiraf edib. O bildirib ki, yaşıl meydanlara qayıdacağı vaxt 20-ci tura da təsadüf edə bilər.
Hər halda, Mahir bu il əvvəlki uğursuzluqların günahını yumalı, adından yaxşı mənada daha çox söz etdirməyə nail olmalıdı.
KƏNAN BAHADIR