"Qarabağ"ın qış hazırlıq planı

16.12.2025 18:23 21
Ölkə futbolu
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Beləliklə, “Qarabağ”ın 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

Misli premyer-liqasının 16-cı turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, klub yeni ildə ilk rəsmi matçını yanvarın 21-də Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxt”a (Frankfurt) qarşı keçirəcək.