Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/16 final mərhələsinin döyüşləri başa çatıb.
"Football-plus.az" xəbər verir ki, mundialın beşinci günündə rinqə çıxan millimizin iki idmançısı adını növbəti mərhələyə yazdırıb.
Maqsud Xasmetov (63,5 kq) debütdə Pasifik Niyonzima (Ruanda) ilə qarşılaşıb. O, rəqibinə üçüncü raundda nokautla qalib gəlib. Xasmetov 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) gücünü yoxlayacaq.
Sərxan Əliyev (71 kq) isə Bonifatsiy Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. Dünya çempionatının bürünc medalçısı rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə münasibətinə aydınlıq gətirəcək.
Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.