“Turan Tovuz”un Portuqaliyadakı xəstəxanalardan birində reabilitasiya prosesi keçən futbolçusu Denis Marandiçi Azərbaycana qayıdıb. Bu barədə “Football-plus.az”a “bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, müdafiəçi 2025-ci ilin sonuna qədər fərdi məşq edəcək. Onun komandaya qış fasiləsindən sonra keçiriləcək təlim-məşq toplanışı zamanı qatılması planlaşdırılır.
Xatırladaq ki, Moldova millisinin də üzvü olan oyunçu ötən il dekabrın 3-də ölkə kubokunun 1/8 final mərhələsinin “Sabah”a qarşı matçında rəqibin futbolçusu Pavol Şafrankoyla mübarizə zamanı zədələnmiş, ayağında fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerini dəyişməmiş sınığı aşkarlandığından əməliyyat olunmuşdu.
KƏNAN BAHADIR
Marandiçi Azərbaycana qayıtdı – bəs, yaşıl meydana nə vaxt dönəcək?
Aktual / Ölkə futbolu






