BOS rəhbərliyinin DÇ-nin yarımfinal və final oyunları üçün planları var
Ölkənin ən böyük arenası sayılan Olimpiya stadionunda hər şey yüksək səviyyədədi. Azarkeşlərin və biz jurnalistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Bircə yol uzaqlığı olmasa.
“Koroğlu” metrosundan piyada yolu istifadəyə verilsə də, gediş-gəliş xeyli vaxt və əziyyət tələb edir. Xüsusilə avrokubokların qrup oyunları zamanı, dəqiq desək, payız aylarında yağışın qəzəbindən qurtulmaq müşkül olur. Şəxsi avtomobili ilə gedənlər belə dayanacaqdan stadiona qədər olan məsafəni qət etmək üçün təxminən 10 dəqiqə sərf edir. Ən böyük problem metro stansiyalarından arenaya ictimai nəqliyyatın getməməsidi.
Görünür, bu problem həllini tapmaq üzrədi. Hazırda Olimpiya stadionunun ərazisində avtobus dayanacaqları quraşdırılıb ki, zamanla onların sayının artacağı deyilir. Dərnəgül şossesindən birbaşa hava limanı yoluna açılan yeni yol vəziyyəti sadələşdirib. Bu isə o deməkdi ki, bir neçə marşrut stadionun ərazisindən keçir. Yaxın gələcəkdə yeni marşrut xətlərinin istifadəyə veriləcəyi də gündəmdədi.
Hər halda, dünən əlaqə saxladığımız stadionun direktoru Cavid Qarayev bizimlə söhbətdə bu haqda məlumat verdi: “Bəli, düz buyurursuz, hazırda iki dayanacaq quraşdırılıb. Biri Bulvarla üzbəüzdü, digəri yeni inşa olunan tunelə çatmamış. Belə deyim, 5-ci postun yaxınlığında. Stadion ərazisindən konkret hansı nömrəli avtobusların keçəcəyi haqda dəqiq məlumatım yoxdu. Bilirəm ki, bir neçə xətt üzrə işləyən avtobuslar ordan keçir. İnsanların rahatlığı üçün yeni xətlərin istifadəyə veriləcəyi gündəmdədi. Nə vaxt olacaq, necə olacaq – bunu dəqiq bilmirəm. Buna Bakı Nəqliyyat Agentliyi qərar verəcək. Dayanacaqları təxminən bir həftədi quraşdırıblar… Bildiyiniz kimi, 2019 və 2020-ci illərdə BOS-da böyük tədbirlər baş tutacaq. Avroliqanın finalı, ardınca AÇ-2020-nin oyunları. Artıq indidən UEFA-nın 15 nümayəndəsi stadionu təftiş etməyə gələcək. Biz də istəyirik ki, onlara gələnə qədər hansı nömrəli marşrutların stadion ərazisindən keçəcəyini dəqiq bilək və bu haqda məlumat verək. Vizual olaraq deyim ki, hər 2 dəqiqədən bir arenanın ərazisindən avtobuslar keçir. Ayrılacaq marşrut xətləti sırf stadiona gediş-gəliş üçün nəzərdə tutulmayacaq. Konkret ünvanlara istiqamət alacaqlar, sadəcə, arenanın ərazisindən keçməklə”.
Xatırlayırsızsa, qəzetimizin ötən sayına açıqlama verən AFFA-nın infrastruktur üzrə direktoru Kamran Vəliyev Olimpiya stadionu üçün yeni havalandırma avadanlıqlarının alındığını diqqətə çatdırsa da, bu haqda geniş məlumat verməmişdi. Cavid bəylə söhbətdə bu mövzuya da toxunmağı lazım bildik: “Stadionda otun istidən qorunması üçün 15 ədəd iri həcmli ventilyator var. Hədsiz istilər zamanı həmin ventilyatorlar işə salınır ki, hava sirkulyasiya olunsun. Həmin cihazlar təkərlidi, mobil növdədi. Lazım olanda gətirib istifadə edirik, daha sonra yenidən yerinə qaytarılır. Deyərdim ki, müasir standartlara cavab verən avadanlıqlardı”.
BOS-un direktoru ilə söhbət etmişkən, hazırda davam edən dünya çempionatı ilə bağlı suala aydınlıq gətirməyə bilməzdik. Bilirsiz ki, bu cür mötəbət yarışlar zamanı Olimpiya stadionu ərazisində iri həcmli monitor quraşdırılır və futbolsevərlər ora baş çəkərək, oyunlara baxmaq imkanı qazanır. Görəsən, yarımfinal və final görüşləri ilə bağlı hansısa plan var? Qarayev azarkeşləri sevindirəcək xəbər verdi: “Qeyd etdiyiniz kimi, sırf yarımfinal və final matçları ilə bağlı nəzərdə tutulan proqramımız var. Razılaşarsız ki, o qədər qonağı qəbul etmək, onlara yer ayırmaq, monitoru quraşdırmaq – bütün bunlar müəyyən xərc tələb edir. Hazırda əməkdaşlarımız hesablama işləri ilə məşğuldular. Konkret xərc cədvəli çıxarılandan sonra onun əsasında giriş haqqı müəyyən olunacaq. Giriş ödənişli olsa da, çox da böyük məbləğ olmayacaq. Azarkeşlər 5, uzağı 10 manatından keçməklə oyunlara rahat baxa biləcəklər. Fanatların rahatlığı üçün oturacaq və masalar yerləşdiriləcək. Bundan başqa, müəyyən qəlyanaltılar və içkilər də təqdim olunacaq. Təbii ki, onlar əlavə xərc tələb edəcək. Təxminən 800-1000 nəfərin rahatlığı üçün şərait yaradılacaq”.
HƏBİB