Azarkeşlər tribunadakı yerini qütblərə yox, rənglərə görə tapacaq
Bakı Olimpiya Stadionunda (BOS) son günlər ərzində bir sıra yeniliklər həyata keçirilib. İdman qurğusunun rəsmi saytı dünən bu haqda məlumat yayıb. Yeniliklərə səbəb Millətlər Liqasının oyunlarının bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində - 2019-cu il Avropa Liqasının final oyununun qaydaları əsasında təşkilidi. Yekun protokol qaydaları UEFA, AFFA, Yerli Əməliyyat Komitəsi və BOS tərəfindən nizamlanaraq təsdiq ediləcək və oyun təşkilatçılığının bütün sahələrini əhatə edəcək. Bundan sonra azarkeşlər və qalan müştəri qrupları (KİV nümayəndələri, VİP qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsilə stadiona daxil olacaqlar. Sözügedən avadanlıqların əməliyyat sistemləri həm bar kodlarını, həm də radiotezlik identifikasiyalarını oxuya biləcək. Turniketlərin məqsədi biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin öz bilet nöqtələrinə daha tez çatmasını təmin etməkdi. Əlilliyi olan şəxslərin turniketlər vasitəsi ilə stadiona daxil ola biləcəyi də bu yeniliklərdəndi. Ümumilikdə 124 turniket quraşdırılıb ki, bunun 110-u ümumi istifadədə, 4-ü əlilliyi olan şəxslər üçün, qalan 10 turniket isə VİP zonalardadı. Əlavə olaraq, girişlərin yerləşməsi də dəyişdirilib. Əvvəllər tamaşaçı girişləri qütblərə uyğun adlanırdısa (Şimal, Cənub, Şərq və Qərb), indi bu yerləşmə rənglərə (qırmızı, göy, sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər dəyişəcək. Bu yenilik qonaqların oyunlar və başqa tədbirlər vaxtı stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır. Oturacaqların sayında da dəyişiklik olacaq. Atletika yarışlarında istifadə oluna bilən kamera platformaları azarkeş üçün oturacaqlarla əvəzlənəcək.
Jurnalistlər üçün “Mix Zona”ya giriş ayrı qapı vasitəsi ilə həyata keçiriləcək və "eksklüziv" miks-zonada fəaliyyət göstərən media nümayəndələrinə akkreditasiya üçün əlavə bir etiket təqdim olunacaq.
Yeniliklər Tamaşaçı Xidmətlərinə də təsir edəcək. Beləliklə, Tapıntılar Bürosunun mexanizmi daha zərif olacaq. Hər bir maddə Tamaşaçı Xidmətləri nümayəndəsinə köçürüləcək və formaları doldurduqdan sonra stendlərdə olan Tapıntılar Bürosunun ofisinə yerləşdiriləcək. İtən əşyanın sahibləri stadionun nümayəndələrinə bir həftə ərzində müraciət edə bilərlər. Eyni zamanda itirilən əşyaların siyahısı BOS-un rəsmi kanallarında dərc olunacaq. Bu müddət ərzində əşyanın sahibi tapılmazsa, tapılan əşya protokolu ilə birlikdə paketlənərək təhlükəsizlik xidmətinə təqdim ediləcək. Stadionun ərazisində daimi Tibb Məntəqəsi də fəaliyyət göstərəcək.