İranın futbol çempionatına ara-sıra diqqət yetirməyimizin səbəbi var. Axı o liqada Güney Azərbaycan türklərinin qüruru olan “Traktor” da mübarizə aparır.
Artıq qonşu ölkənin çempionatında 10 tur arxada qalıb. Təbriz klubu oktyabrın 30-da start götürən, noyabrın 1-də başa çatan son turda səfərdə əzəli-əbədi rəqibi “İstiqlal”la qarşılaşıb. İkinci hissədə iki qol vuran “qurdlar” evə inamlı qələbə (2:0) ilə dönüb. Bu qələbənin sayəsində xalını 19-a çatdıran (9 oyuna) Təbriz klubu turnir cədvəlində yalnız “Sebahan”dan geri qalır. “Sebahan” da 9 oyun keçirib, 20 xal toplayıb.
“Traktor”un oyunlarında müntəzəm qərəzli hakim qərarlarının olduğunu nəzərə alsaq, indiki 2-ci yeri də uğurlu nəticə saymaq olar. Əlbəttə, çempionluğun yeri başqadı. Ancaq hakim fars rejimi buna imkan verərmi? Bu artıq başqa söhbətin mövzusudu. Bizə “Traktor”a uğur arzulamaq qalır.
ORXAN