Türkiyə yığmasının üzvü Yusuf Yazıcıdan üzücü xəbər var.
27 yaşlı futbolçu ağır zədə alıb. Məlum olduğu kimi solaxay vingerin bu yay ''Lill'' ilə müqaviləsi bitmiş və o azad agent statusunda sentyabrda ''Olimpiakos''a transfer olunmuşdu. Hətta yoxlama matçında qol da vuran Yusuf debüt matçına hazır görünürdü. O yeni klubunda ilk rəsmi oyununa bazar günü çıxdı.
''Asteras''la səfər matçının 70-ci dəqiqəsində oyuna daxil olan təcrübəli futbolçu son anlarda dizindən zədə aldı. Müayinə zamanı qorxulan oldu və Yusufun diz bağlarının qopduğu üzə çıxdı! Bu da o deməkdi ki, istedadlı futbolçu böyük ehtimalla bu mövsüm bir daha meydana çıxa bilməyəcək. Yusuf ən yaxşı halda gələn ilin mayında oynaya biləcək. Bu müddətdə o 200 gün, yəni təxminən 25 qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Yazıcı 5 il öncə də ''Lill''də oynayarkən buna bənzər zədə almışdı. O 2019-un dekabrında sıradan çıxmış və yalnız 2020-nin aprelində meydanlara dönmüşdü. Türkiyəli oyunçunun ''Olimpiakos''la 2027-ci ilə qədər müqaviləsi var.
ƏLİ