“Turniketə vurulan biletlərlə dəqiq sayı ala bilirik” – yenə bilet məsələsi...

22.10.2024 15:57 335
Aktual / Ölkə futbolu
“Qarabağ”ın “Ayaks”la oyununa artıq 20 mindən çox bilet satılıb.

Oyun gününə qədər bu sayın 30 mini keçəcəyi də şübhə doğurmur. Ağdam klubunun əvvəlki avrokubok matçlarına da 30 minə yaxın bilet satılmışdı. Amma “Malmö” ilə oyunda stadiondakı boşluqları hər kəs gördü. Kənardan görünən mənzərə belədi ki, bilet satışa çıxan kimi 5 manata olanlar dərhal alverçilərin əlinə keçir, onlar da internet üzərindən baha qiymətə satış həyata keçirirlər, sata bildiklərini satırlar, sata bilmədikləri qalır, belədə isə satılan biletin sayı ilə stadiona toplaşanların sayı fərqli alınır.

Maraqlıdı, “Qarabağ” bütün bunların fərqindədimi? Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a cavabı:

“Yəqin ki, siz də media nümayəndəsi olaraq, oyunlarda iştirak edirsiz. Stadionda minimum 25 min azarkeş olur. Sadəcə, orta tribunalarda bir az boşluq olur. Qalan əsas azarkeş tutumunu formalaşdıran qapıarxası, künc - bütün triubunalar, demək olar, dolur. O da yenə də 25 mindən artıq adam deməkdi. 20 mindən artıq nə deyiriksə konkret statistikadı. Üstəlik turniketə vurulan biletlərlə dəqiq sayı ala bilirik. Göz qabağında olan bir şeydi. Hansısa məsələni şişirtmək və ya gizlətməyimiz mümkün deyil”.

RÖYANƏ OĞUZ