“Burda çalışan insanları onsuz da tanıyırdım” - Meza Kolli dönüşündən danışdı

20.10.2024 16:23 285
Aktual / Ölkə futbolu
“Araz-Naxçıvan” çərşənbə axşamı Sezar Meza Kollini də sıralarına qatdı. Paraqvaylı yarımmüdafiəçi “İnter”, “Neftçi” və “Zirə”dən bizə tanışdı.

Bu ilin martında üçaylığa “Zirə”yə qayıtsa da, yay fasiləsində Azərbaycanı tərk etdi. Maraqlıdı ki, Naxçıvan təmsilçisi 2023-cü ildə də, elə bu yay da Meza Kolli ilə maraqlanıb, amma transfer edə bilməyib. “Qırmızı-ağlar”la mövsümün sonuna qədər müqavilə bağlayan 33 yaşlı futbolçu azad agent kimi gəlib.

Görəsən, Meza Kollinin “Araz-Naxçıvan”ı seçməsinin səbəbi nədi? Dünən onun fikirlərini öyrəndik:

“Uzun illərdi Azərbaycanda çıxış edirəm. Son dəfə “Zirə”də çıxış edirdim ki, orda çox xoşbəxt idim. Mənlə çox yaxşı davranırdılar. Rəşad Sadıqovun istədiyi hədəfə çata bildik. Elə alındı ki, ayrılmalı oldum. İndi qərarım “Araz-Naxçıvan”da olmaqdı. Buna görə də çox sevincliyəm. Möhtəşəm baş məşçi, rəhbər və çox yaxşı komanda yoldaşlarım var. “Araz-Naxşıvan”la əvvəldən əlaqəm olub, burda çalışan insanları onsuz da tanıyırdım. Azərbaycana dönmək qərarını verdiyim üçün çox xoşbəxtəm”.

RÖYANƏ OĞUZ