Futbolçular və məşqçilər təqvimin sıxlığından çoxdan narazıdı, ancaq indi belə açıqlamaların sayı dəfələrlə artıb.
İş o yerə çatıb ki, futbolçular tətil edəcəkləri ilə bağlı xəbərdarlıqdan da çəkinmirlər. Və hədsiz yüklənmənin daha bir təsdiqi – belə açıqlamalardan sonra əksər futbolçular zədələnirlər, hətta mövsümün sonuna qədər sıradan çıxanlar da var.
Yurrien Timber
1 oktyabr: “İndi bu təkcə “Siti” ilə “Liverpul”un yox, bizim paltardəyişmə otağında da vacib mövzudu. Hesab edirəm ki, bu təhlükəlidi. Ötən həftə biz “Siti” ilə qarşılaşdıq, rəqib isə iki gün sonra yenə meydana çıxdı – ağlasığmazdı. İndi dəyişikliklər üçün yaxşı vaxtdı. Oyunçular fikrini bildirir, qoy onların səsi eşidilsin. Hər oyunda maksimum gücümüzü ortaya qoymağa çalışırıq, ancaq oyunların sayı artdıqca bunu etmək get-gedə çətinləşir. Xüsusən də qış fasiləsinin olmadığı İngiltərədə bu gərginliyə dözmək çətindi”.
1 oktyabr: elə həmin gün PSJ ilə oyunun (2:0) fasiləsində “Arsenal”ın müdafiəçisini əzələsindəki ağrılar üzündən əvəz etdilər. Nəticədə Timber ötən həftəsonu komandasının premyer-liqadakı oyununu buraxdı.
Son Hın Min
25 sentyabr: “Oyunçular söz deməli olan əsas şəxslərdi, hədsiz çox oyuna çıxırıq. Siz azarkeşlər daha çox yox, keyfiyyətli oyun görmək istəyirsiz. Siz adamların zədədən necə əziyyət çəkdiyini görmək istəmirsiz, bunu heç kim görmək istəmir. Doğrudan da, çoxlu oyun və səfər var. Biz öz qayğımıza qalmalıyıq. Bəzən mənəvi və fiziki cəhətdən hazır olmuruq, belə vəziyyətdə meydana çıxanda isə zədə almaq ehtimalı hədsiz yüksəkdi. Biz robot deyilik, odu ki, bu məsələyə diqqət yetirməliyik. Keyfiyyətli oyun istəyiriksə, oyunların sayı azalalıdı. Düşünürəm ki, hədəfimiz bu olmalıdı”.
26 sentyabr: koreyalı bu açıqlamanın ertəsi günü Avropa Liqası çərçivəsində keçirilən “Qarabağ”la oyunda (3:0) budundan zədə aldı. Artıq üç oyun buraxıb, yığmaların oyununa görə yaranan fasilədən sonra yaşıl meydana dönəcəyinə emid edir.
Daniel Karvaxal
19 sentyabr: “Mövsüm ərzində 70-80 oyun hədsiz çoxdu. Adamlar yaxşı futbol görmək istəyirsə, bizə dincəlmək lazımdı. Biz futbolçular üçün tətil tam mümkündü. Futbolçuların fikrini nəzərə alan yoxdu. Səsimizi ucaltmaq lazımdı”.
5 oktyabr: “Vilyarreal”la oyunun (2:0) sonunda xaçvari bağın qorxunc zədəsi ilə üzləşdi. Sağ ayağını tutaraq ağrıdan inildəyirdi. Göz yaşını saxlaya bilməyən Dani meydanı xərəkdə tərk etdi. Tezliklə “Real”ın həkimləri durumun çox pis olduğunu təsdiqlədi. Məlum oldu ki, Avropa çempionunun bərpası üçün 8-10 ay tələb olunur.
Rodri
17 sentyabr: “Düşünürəm ki, tətilə başlamağa yaxınıq. Oyunçuların ümumi fikri belədi. Hər şey belə davam edərsə, başqa seçimimiz qalmayacaq. Bu bizi narahat edir, əziyyət çəkən bizik. Öz təcrübəmə əsasən deyə bilərəm ki, mövsüm ərzində 40-50 oyun keçirən futbolçu özünü ən yaxşı səviyyədə göstərə bilər. Bundan sonra səviyyə aşağı düşür, ona görə ki, formanı qorumaq mümkünsüz olur. Bu mövsüm biz bəlkə də 70 oyun keçirəcəyik, hətta bəlkə 80. Fikrimcə, hədsiz çoxdu. Kimsə qayğımıza qalmalıdı, ona görə ki, bu idmanın və ya biznesin – necə istəyirsiz, elə də adlandırın - əsas qəhrəmanı bizik. Hər şey yalnız puldan və marketinqdən ibarət olmamalıdı. Əsas məqam tamaşanın keyfiyyətidi. Mən yorulmayanda yaxşı oynayıram. Adamlar yaxşı futol görmək istəyirlərsə, bizə dincəlmək lazımdı”.
22 sentyabr: “Arsenal”la oyunun (2:2) 21-ci dəqiqəsində dizini tutaraq meydanı tərk etdi. Tezliklə aydın oldu ki, hər şey çox ciddidi. “Siti”nin baş məşqçisi Pep Qvardiola: “Onun xaçvari bağında və diz qapağında əməliyyat aparıldı. Rodri üçün bu mövsüm bitdi”.
Kevin de Bruyne
5 sentyabr: “Mövsümlər get-gedə uzanır. Ola bilsin, bu mövsüm norma keçəcək, ancaq DÇ-2026 üzündən təqvim daha da ağırlaşacaq. Oyunçuların həmkarlar ittifaqı həll yolunu tapmağa çalışsalar da, heç nə dəyişmir. UEFA ilə FİFA-nın vecinə də deyil, onları pul maraqlanırır”.
18 sentyabr: ÇL-in “İnter”lə oyununda (0:0) zədə aldı. Həkimlərlə gözüyaşlı danışan Kevin fasilədə əvəzləndi. Həmin vaxtdan bəri artıq 5 oyun buraxıb, beynəlxalq fasilədən sonra dönüşü gözlənilir. Onu yaxın vaxtlarda Belçika yığmasında da görməyəcəyik. Yığmanın baş məşqçisi Domeniko Tedesko kapitanın qərarını belə izah etdi: “De Bruyne bizdən oktyabrdakı oyunlardan, həmçinin noyabr toplanışından azad olunmağı xahiş etdi ki, bədəninin qayğısına qalsın. Biz onu anlayırıq”.
“Mançester Siti” ilə “Real”ın oyunçuları xüsusən risk zonasındadı, çünki onlar başqalarından daha çox oyun keçirir. Madridlilər dekabrda Qətərdə keçiriləcək Qitələrarası kuboka yollanacaq – bu, köhnə Klublarası Dünya Çempionatıdı (KDÇ), ÇL-in qalibi birbaşa finalda oynayacaq. Gələn ilin yayında isə top-klublar artıq yenilənmiş, 32 komandanın qatılacağı KDÇ-də mübarizə aparacaq. Çempionatatlar isə klub dünya çempionatından bir ay sonra başlayacaq. Məcburi üçhəftəlik məzuniyyəti də nəzərə alsaq, finalçıların ilk tura hazırlaşmaq üçün cəmi bir həftə vaxtı olacaq.