“Rəhbərlikdən xahiş etdim ki, anlayış göstərsinlər və komandadan ayrılmağıma görə inciməsinlər” – qəribə ayrılıq səbəbi

15.10.2024 11:37 326
Aktual / Ölkə futbolu
“Difai” ötən həftə baş məşqçi Adil Mahmudovla yolları ayırdı.

Təcrübəli mütəxəssis ilk turdan sonra istefa verən Elgiz Kərimlinin yerinə keçsə də, onun da fəaliyyəti 3 oyun çəkib. Maraqlıdı ki, “Difai” bu qərarı Mahmudovun uşaq futbolunu seçməsi ilə bağladı. Bəzi mənbələr isə komandanın onun rəhbərliyi altında üç oyunda cəmi 1 xal qazanmasını ayrılığın səbəbi kimi göstərir.

Maraqlıdı, Adil Mahmudov komandanı təhvil alanda bilmirdimi uşaq futbolu ilə məşğul olacaq?

Mahmudov “Football-plus.az”a açıqlamasında bunları dedi:

“Klub rəhbərliyi ilə aramda heç bir söz-söhbət olmayıb. Sağ olsunlar, hər şeydə dəstək olublar. Asəf Məlikov klub rəhbəri kimi nə lazımdısa, edib, lazımi səviyyədə yanaşma olub. Sadəcə, gözlənilmədən bir-iki işlərim oldu ki, vacib idi. Ona görə "Difai"dən ayrılmalı oldum. Asəf bəylə oturub söhbət etdim, sağ olsun, anlayış göstərdi. Komandanı bu 3 həftədə hazırlaşdırdım, uşaqlar da lap əladı. Heyətdə hamı yaxşı vəziyyətdə idi. Hər birinə dərin təşəkkürümü bildirirəm. Sadəcə, digər işlərimin arxasınca gedib-gəldiyimdən çatdıra bilmirdim. Ona görə rəhbərlikdən xahiş etdim ki, anlayış göstərsinlər və komandadan ayrılmağıma görə inciməsinlər. Minnətdaram ki, anlayışla qarşıladılar. Komanda üzvlərinə, hər kəsə təşəkkür edirəm”.

RÖYANƏ OĞUZ