1-ci liqada ilk turdan sonra məşqçi istefası reallaşıb. Belə ki, “Difai”nin “Cəbrayıl”a 0:1 hesablı məğlubiyyətindən sonra ev sahiblərinin baş məşqçisi Elgiz Kərəmlinin istefa verdiyinə dair xəbərlər yayıldı. Maraqlıdı ki, ötən mövsümün yarısından komandanı çalışdıran Kərəmli özü istefa ərizəsi ilə rəhbərliyə müraciət edib.
Bəs ayrılığa səbəb nədi? Əvvəlcə “Difai”nin prezidenti Asəf Məlikova müraciət etsək də, o, tezliklə rəsmi məlumat veriləcəyini bildirdi.
Elgiz Kərəmli isə “Football-plus.az”a məsələni belə şərh etdi:
“Mən heç 1-ci oyunda da iştirak etməmişəm. Sadəcə, digər məşqçinin lisenziyası olmadığı üçün protokolda mənim adım yazılmışdı. Müqaviləmə xitam verilib. Bu da milli komandadakı işlərimin çoxluğu ilə bağlıdı. 15 və 16 yaşlılardan ibarət yığmada çalışıram. Əvvəl U-19-da işləyirdim, avqustda dəyişiklik oldu. Hər milli komandanın hər ay təlim-məşq toplanışı olur. O da 20 gün "Difai"də olmayacağım demək idi. Peşəkar klubda belə alınmır. Təlim-məşq toplanışını mən keçmişəm, sentyabrda istefa vermişəm. Klubla problem yaşamamışam, bir az aramızda anlaşılmazlıq oldu. O da hər yerdə baş verə bilir. Ötən mövsümün sonlarında istefa vermək istəməmişəm, yəni belə şey olmayıb. Əksinə, hər şey normal idi. Sadəcə yeni mövsüm haqda razılığa gəlməmişdik, çünki milli komanda məsələsi vardı. Ordan da icazə vermirdilər, icazə alandan sonra işimə başladım. Sonra işlərin çoxluğuna görə istefa verdim. Lakin tək milliyə görə də istefa vermədim. Ümumi məsələləri nəzərə alıb, gördüm ki, getmək lazımdı. Ötən mövsüm birinci dövrədə gəldim, komandanı mən yığmamışdım. Qış fasiləsində, hətta mövsümün sonunda 14-17 nəfər göndərdim. Bəzən mən bir söz deyirəm, rəhbərlik başqa cür deyir. Sözlər üst-üstə düşmür, belədə qalmağın adı yoxdu. Klubdan ayrılsam da, ordakılarla normal münasibətim var”.
RÖYANƏ OĞUZ