“Football-plus.az” xəbər verir ki, bu barədə qardaş ölkənin mətbuatı məlumat yayıb. “Fanatik”in iddiasına görə, qolkiperin yüksək səviyyəli çıxışı Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşməsinə səbəb olub. Eyni bilgini “En Son Haber” də dərc edib. Türkiyəli jurnalistlər ərəblərin bir neçə aydı Livakoviçi izlədiyini və qışda astronomik təkliflə “Fənərbaxça”nın qapısını döyəcəyini bildirib.
İddialar Xorvatiya mətbuatının da gündəmini zəbt edib. Mövzunu araşdıran “index.hr” saytı türkiyəli media nümayəndələrini həqiqətəuyğun olmayan xəbərlər tirajlamaqda günahlandırıb:
“Livakoviç haqda yayılan xəbərlər şayiədi. Səudiyyə Ərəbistanı klubları onunla maraqlanmayıb. Təəssüf ki, Türkiyə mətbuatı həmyerlimizi hər həftə fərqli ölkəyə “transfer edir”. Şübhəsiz, belə xəbərlər Livakoviçin beynini dumanlandıra, performansına mənfi təsir edə bilər. Jurnalistlər onu konkret hansı klubun almaq istədiyini niyə yazmır?”
Qeyd edək ki, Livakoviç “Fənərbaxça”nın heyətində 53 oyuna çıxıb. 54 qol buraxıb, 22 dəfə qapısını toxunulmaz saxlayıb.





