Yığmamız Millətlər Liqasının oyunlarının hazırlığına start verib.
"Football-plus.az" xəbər verir ki, dünən bir araya gələn millimiz bu gündən “Neftçi Futbol Mərkəzi”ndə məşq keçir.
Sabah da eyni məkanda hazırlığa çıxacaq Fernando Santuşun yetirmələri saat 15.00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18.00-da Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.
Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14.00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17.00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.
Qeyd edək ki, millimiz C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20.00-da başlayacaq.