“Qarabağ” avrokuboklardakı ardıcıl 4-cü ev oyununda uduzmaqla azarkeşlərini üzdü.
Ümumiyyətlə, çempion srağagün qətiyyən özünə bənzəmədi. Nə qələbə əzmi var idi, nə də həvəs, motivasiya. Qeyd-şərtsiz demək olar ki, Azərbaycanın futbol ictimaiyyəti böyük şok yaşadı. Təsadüfi deyil ki, oyundan sonra sosial şəbəkələr həyəcan və heyrət qarışıq mesajlarla dolub-daşdı.
Komanda Çempionlar Liqasından sonra Avropa Liqasına psixoloji cəhətdən köklənə bilmir? Ümumiyyətlə, “Qarabağ”ın bu qədər zəif oynamasının səbəbi nədi?
Ağasəlim Mircavadovu dinləyək:
“Bir var futbolçular bir-iki oyunda imkanları qaçıra, bu artıq 4 oldu. Ümumi komandada psixoloji eniş var. Əvvəlki istəyi görmürük. Düzdü, çıxıb oynayır, hətta qol vura da bilirlər. Amma davamı gəlmir. Ola bilər ki, komandada yorğunluq var. Adətən, belə olanda oyunçular özünü pis hiss edir və özünə gec gəlir. Ola bilər ki, "Qarabağ"da da bu amil var. “Malmö” ilə oyunda hələ ikinci hissənin son 15 dəqiqəsində "Qarabağ" bir baş üstün oynayırdı.
Düzdü, mövqe səhvlərinə görə qol buraxdılar. Məsələn, 2-ci qolda mərkəz müdafiəçiləri çox səhv oynadılar. Rəqibə cərimə meydançasında top almağa, həm fırlanmağa, həm də zərbə vurmağa icazə verdilər. Məşqçilər də görürlər ki, hələ iş görülməlidi. "Ayaks"la oyunda bilinəcək ki, komanda özünə gəlib, ya yox. Ona qədər bir çempionat oyunu və millinin fasiləsi var. Bu fasilə onlara lazım idi ki, bir qədər özlərinə gəlsinlər. Qapıçıda heç bir problem yoxdu. Deyim ki, çox yaxşı oynadı və iki ağır topu da çıxardı. Müdafiədə çox səhvlər oldu. "Malmö" sürətli komanda deyil, hətta çox vaxt bizimkilər yaxşı oynayırdılar.
Ümumiyyətlə, "Qarabağ" bu oyun haqda fikirləşməli və problemləri tapmalıdı. Əvvəlki istək yoxdu. Bu dəfə həmin oyun üslubu vardı, qol vəziyyətləri də yaratdılar, amma vura bilmədilər. Ən pis cəhət odu ki, orta xətt oyunçuları uzaqdan zərbə vurmur. Gözləyirik ki, Juninyoya ötürmə gələcək, bu da qol vurmağa çalışacaq. Avropada bir oyunçu üzərində oyun qurmurlar. Həm də "Qarabağ" bizi öyrəşdirib qələbəyə, kiminlə oynasa da, udacağına inanırıq. Amma onu da başa düşmək lazımdı ki, futbolçular da insandı, hardasa yorğunluq ola bilər. Bir də Veşoviçin, Yankoviçin zədə alması komandaya zərbə oldu. Çünki bütün hücum sistemi onun üzərində qurulurdu. Bu oyunda meydana çıxdı və heç də pis başlamadı. Yaxşı da oynadı. "Ayaks"la oyunu gözləyək. Amma gərək Avropa Liqasında evdə udasan və xal toplayasan.
Məsələn, "Malmö" evdə “ Reyncers”ə 0:2 uduzdu. Mən özüm məəttəl qaldım. Çünki onların oyunlarını görmüşəm, uduzmalı rəqib deyildi, "Malmö" üstün oynayırdı. Uduzdular, əvəzini "Qarabağ"dan çıxdılar. "Qarabağ"a da belə bir şans lazımdı ki, "Ayaks"ı udsun, sonra da səfərdən 3 xal gətirsin”.
RÖYANƏ OĞUZ