Belçika Fransa ilə yenə bacarmadı - İCMAL

20.09.2024 11:55 121
Dünya futbolu / Reportaj
Sentyabrın 9-10-da keçirilən oyunlarla Millətlər Liqasının qrup mərhələsinin 2-ci turuna yekun vuruldu. Turnirin 4-cü mövsümünün əvvəli iki oyuna maksimum nəticə göstərən Portuqaliya, İtaliya, Danimarka, Gürcüstan, Yunanıstan, İngiltərə, İsveç, Slovakiya və Rumıniya yığmaları üçün daha uğurlu alındı.

Almaniyada keçirilən qitə çempionatında mübarizəni 1/8 finalda dayandıran İtaliya yığması yeni tsiklə əla başlayıb. Sentyabrın 6-da Parisdə Fransanı 3:1 hesabıyla məğlub edən “skuadra adzurra” səfərdə İsrailə də qalib gəldi.

Hərçənd yəhudilərlə oyun İsraildəki müharibə vəziyyətinə görə neytral meydanda keçirildi. Budapeştdəki matça nominal ev sahibləri fəal başladılar. Amma bundan yararlana bilmədilər. Tədricən üstünlüyü ələ alan İtaliya yığması Cerafinin qoruduğu qapı qarşısında gərginlik yaratmağa başladı. Spallettinin komandası bir neçə cəhddən sonra fasiləyə az qalmış hesabı açdı: “İnter”in müdafiəçisi Dimarkonun ötürməsini həmklubu Frattezi əla dəyərləndirdi. Az sonra Cerafi Raspadorinin ikinci qolu vurmasına mane oldu.

Fasilədən sonra israilli qapıçı Frattezinin dubl etməsinə imkan vermədi. Cerafinin həmkarı Donnarumma isə Yehezkelin hesabı bərabərləşdirməsinin qarşısını aldı. 62-ci dəqiqədə apenninlilərin növbəti cəhdi bəhrə verdi: qapıçı Raspadorinin zərbəsini dəf etsə də, Ken topu tora saldı. İsrail yığması yalnız son dəqiqələrdə təsəlli qolunu vura bildi. Ran Ben Şimonun komandası çox güclü qrupda ikinci məğlubiyyətini alarkən İtaliya vahid liderliyə nail oldu.
Qrupun digər matçına maraq daha böyük idi. Fransa builki qitə çempionatının 1/8 finalında Belçikaya son dəqiqələrdə Vertongenin avtoqolu hesabına qalib gəlmişdi. Millətlər Liqasının ilk oyununda İsraili 3:1 hesabı ilə məğlub edən Belçika yığması Lionda keçirilən oyunda uğursuzluğa düçar oldu. Hərçənd Tedeskonun komandası matçın ilk yarısında çox yaxşı təsir bağışladı. Meydana Mbappesiz çıxan fransızlar rəqibini oyun planında yalnız 25-ci dəqiqədən sonra üstələməklə istəyinə çatdılar. Bir neçə təhlükəli vəziyyətdən sonra Kolo Muani hesabı açdı. Rəqibdən daha yaxşı oynayan Deşamın komandası ikinci hissədə Dembele ilə hesabdakı üstünlüyünü artırdı. Beləliklə, Belçika Fransa ilə yenə bacarmadı.

Qrup mərhələsi, 2-ci tur
A liqası, 2-ci qrup
İsrail – İtaliya 1:2 (0:1)

İsrail: Cerafi, Yehezkel, Şlomo, Naxmias, Revivo, Abada (David, 78), Kanixovski (Abu Fani, 67), Lavi (Caber, 46), Perets (Safuri, 67), Solomon, Xalayli (Qlux, 46).
İtaliya: Donnarumma, Kambyaso (Bellanova, 64), Qatti, Buoncorno, Bastoni, Dimarko (Udoci, 71), Tonali, Frattezi, Riççi (Zakkanyi, 86), Raspadori (Breşianini, 64), Ken (Retegi, 86).
Qollar: Frattezi, 38 (0:1). Ken, 62 (0:2). Abu Fani, 90 (1:2).
Vərəqələr: Qatti, 73. Caber, 88. Yehezkel, 90+2 - sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
9 sentyabr. Budapeşt. 2090 tamaşaçı.

Fransa - Belçika 2:0 (1:0)
Fransa: Menyan, Kunde, Saliba, Upamekano, Din, Kone, Kante (Fofana, 90+4), Genduzi (Qrizmann, 79), Dembele (Olise, 79), Türam (Barkola, 67), Kolo Muani (Mbappe, 67).
Belçika: Kastels, Fas, Debast, Teate, Kastan (Menye, 82), Onana, Tilemans (Manqalya, 60), Dokyu (Düranvil, 82), De Bruyne, Lükebakio (Bakayoko, 60), Openda (De Ketelare, 69).
Qollar: Kolo Muani, 29 (1:0). Dembele, 57 (2:0).
Vərəqələr: Kone, 4. Din, 8. Openda, 8. Tilemans, 38 - sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
9 sentyabr. Lion. 42358 tamaşaçı.

1. İtaliya 2 2 0 0 5-2 6
2. Fransa 2 1 0 1 3-3 3
3. Belçika 2 1 0 1 3-3 3
4. İsrail 2 0 0 2 2-5 0


Növbəti turun oyunları oktyabrın 10-da keçiriləcək: İtaliya – Belçika, İsrail – Fransa.

Faktlar
* İtaliya yığması İsraillə oyunlarda məğlubiyyətsiz seriyanı 6-ya çatdırdı. “Skuadra adzurra” bu rəqibinə 5-ci dəfə qalib gəldi.
* Fransa yığması son 4 oyunda ilk dəfə qələbə qazandı. Deşamın komandası bu il Almaniyada keçirilən qitə çempionatının 1/8 finalında məhz Belçikaya minimal hesabla qalib gələndən sonra 1/4 fnalda Portuqaliya ilə heç-heçə oynamış (0:0, p. – 5:3), yarımfinalda İspaniyaya (1:2), Millətlər Liqasının ilk oyununda isə İtaliyaya (1:3) uduzmuşdu.
* Mbappe milli formada meydana çıxdığı son 8 oyunda yalnız bir qol vurub. O, bu yay keçirilən Avropa çempionatının Polşa ilə oyununda (1:1) qapıya penalti ilə yol tapmışdı. Ümumiyyətlə, “Real”ın hücumçusu bu il yığmada keçirdiyi 11 oyunda 2 qol vurub.

Oyundan sonra
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:
“Möhtəşəm qələbədi. İlk hissədə rəqib çox fəal oynadığı və sıx müdafiə olunduğu üçün problemlərimiz oldu. Ola bilsin ki, bir qədər yorğunluq bizə təsir etdi. Amma matçın gedişində bu problemi aradan qaldırdıq. Çox möhkəm komandamız var. Futbolçularımız oyunu çox yaxşı “oxuya” bildilər. Onlar müəyyən epizodlarda lazımi mövqelərdə gözübağlı qərar tuturdular. İndi bizim Bacco, Del Pyero və ya Tottimiz yoxdu. Buna baxmayaraq, Fransa ilə matçda komandadan da üstün olan böyük qüvvə idik. Əsl qardaşlar kimi mübarizə apardıq. Bu amil istənilən problemlərin həllinə şərait yaradır. Belə davam etməliyik”.

Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“İndi rahatlıq hiss edirik? Heç bir rahatlıqdan söhbət gedə bilməz. Futbolçularımızın İtaliya ilə oyuna reaksiyasından çox razı qaldım. Onlar Belçika kimi güclü komandaya qarşı lazım olduğu kimi mübarizə apardılar. Rəqib bizə xüsusilə ilk 25 dəqiqədə çətin anlar yaşatdı. Oyun müxtəlif səbəblərdən çox çətin keçdi. Kolo Muani? O, bu gün qol vurdu. Rendal ona əminlik gətirən şəraitdə oynayır. Mbappenin oyunu məndə narahatlıq doğurur? Kilian özünü yaxşı hiss edir. Aydın məsələdi ki, bir çox oyunçular kimi, o da hazırda ən yaxşı formasında deyil. Milli formadakı qolsuz seriyasına gəlincə, Mbappe özünə qarşı çox tələbkardı. O, tezliklə qollarını sıralamağa başlayacaq. Ola bilsin ki, ictimaiyyət Kiliana həddən artıq diqqət ayırır. Bu isə futbolçuya az-çox təsir edir. Amma mən Fransa yığmasının onunla birgə həmişə güclü olacağını təkrarlayıram. Onun bir aydan sonra daha güclü oynayacağına əminəm. Kilianın hazırkı klubunda standartlar çox yüksək səviyyədədi. Milli komandada isə hətta oynamayanda belə kapitan rolunu tam məsuliyyəti ilə üzərinə götürür. Kiliana görə heç bir ciddi narahatlığım yoxdu. Tribunaların matçdan əvvəl mənə və komandaya yönəldiyini dediyiniz fit səslərini eşitmədim. Tənqidlərə gəlincə, mən belə münasibətin fonunda dünyaya gəldiyimi demək fikrində deyiləm, amma bu, oyunun bir hissəsidi. Meydanda baş verən bütün hadisələrin yükünü çiyinlərimdə daşıyıram. Bu, baş məşqçi kimi mənim məsuliyyətimdi. Fit səsləri mənə təsir etmir, amma oyunçulara və meydandakı vəziyyətə təsirini göstərir... Qoy, narazı və məyus fanatlar belə davranışa əl atsınlar. Niyə də olmasın?! Ancaq oyunçuların meydanda olarkən belə mənfi münasibətlə üzləşməsi Fransa yığmasına xeyir gətirmir”.

Domeniko Tedesko, Belçika yığmasının baş məşqçisi:
“25-ci dəqiqədən sonra oynamağı bir kənara atdıq. Məyusluğumuz normaldı. Üç imkan yaratdıq, onlardan biri əsl qol şansı idi, lakin yararlana bilmədik. Bu, uzun müddətdi çarə tapa bilmədiyimiz problemdi. Matçın əvvəlində oyunumuzda intensivlik vardı, amma sonra oyuna nəzarəti bir qədər əldən verdik. Fransadan danışarkən bu komandanın heyətində necə oyunçular olduğunu hamı yaxşı bilir. Orta xətdə çıxış edən futbolçular topu ələ keçirib irəli atıla bilərlər. Bu gün rəqib yarımmüdafiəçilərin səviyyəsi çox yüksək idi”.