Dünyanın sayılıb-seçilən ulduzlarından olmasına baxmayaraq, karyerası ərzində hələ də titul qazanmayan Harri Keynlə bağlı maraqlı xəbər var.
Şənbə günü “Bavariya” “Tottenhem”lə qarşılaşdı. Londonluların stadionundakı görüş qeyri-rəsmi xarakter daşıyan “Visit Malta Cup 2024” turniri çərçivəsində keçirildi. Maraqlıdı ki, bu komandalar avqustun 3-də Seulda da yoxlama oyununda üz-üzə gəlmiş və Münhen nəhəngi 2:1 üstün olmuşdu. Budəfəki qarşılaşma Kulusevskinin 25-ci saniyədə vurduğu qolla start götürsə də, “rekordmayster” hələ fasiləyə qədər Upamekano, Qnabri və Müllerin qolları ilə vəziyyəti öz xeyrinə dəyişə bildi. Kulusevski 61-ci dəqiqədə dublunu rəsmiləşdirərək yerli fanatları ümidləndirsə də, qalan vaxt ərzində başqa qol olmadı və “Bavariya” 3:2 hesabıyla qalib gəldi. Qonaqların heyətində əsas diqqət, təbii ki, “Tottenhem”in iki sabiq üzvü – Keyn ilə Erik Dayerə yönəlmişdi. Dayer meydana fasilədən sonra Upamekanonun əvəzinə çıxdısa, Keyn 80-ci dəqiqədə Kimmixi əvəzlədi. Yerli fanatlar ulduz futbolçunu alqış sədalarıyla qarşıladı.
İngiltərə yığmasının kapitanı şans qazandığı müddətdə iki təhlükəli zərbə ilə yadda qalsa da, sabiq klubunu məyus edə bilmədi. Ən maraqlı hadisə isə start fitindən sonra baş verdi. Final fiti səslənərkən kapitan sarğısı məhz Keyndə idi. Amma 31 yaşlı futbolçu sabiq klubuna hörmət əlaməti kimi “Bavariya”ya verilən kuboku qaldırmaqdan imtina etdi. Nəticədə kuboku Manuel Noyer qaldırdı. Keyn oyundan sonra verdiyi açıqlamada meydanda olduğu müddətdə qəribə hisslər keçirdiyini vurğuladı.
Xatırladaq ki, “Tottenhem”də 10 ildən çox top qovan və klub tarixinin ən məhsuldar futbolçusu olan Keyn karyerası ərzində iştirak etdiyi 6 finalın hamısından məğlubiyyətlə ayrılıb.