“Beşiktaş”ın sabiq baş məşqçisi Rza Çalımbayın Azərbaycan milli komandası haqqında qalmaqallı açıqlaması idman mediasının gündəmini zəbt edib.
Mütəxəssis Azərbaycan millisində türkiyəli məşqçilərə şans verilməməsindən narazıdı:
“Mən Azərbaycanı başa düşə bilmirəm. Qardaş ölkənin milli komandasıdı, türk komandası sayılır. Türkiyədə xeyli məşqçi var. Adamlar gedib milli komandaya “Beşiktaş”ın qovduğu Fernando Santuşu gətirdilər. O qədər yaxın olmağımıza baxmayaraq, adamlar türkü gətirmirlər”.
Bu sözlər isə futbol adamları tərəfindən birmənalı qarşılanmayıb. Bəs Çalımbay haqlıdımı? Bu barədə AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova sual ünvanladıq. Onun “Football-plus”a söylədikləri:
“Mənim bunla bağlı fikrim hamıya bəllidi - yerli mütəxəsis. Eyni sualı Rza Çalımbaya da vermək olardı: niyə azərbaycanlı mütəxəssislər Türkiyədə çalışmır? Futbol inteqrasiya xoşlayan idman növüdü. Ayrı-ayrı futbol məktəblərinin nümayəndələrinin fərqli ölkələrdə çalışması futbolu zənginləşdirir. Türk mütəxəsislər klub səviyəsində Azərbaycanda fəaliyyət göstərib. Portuqaliyalı ilk dəfədi. Uğurlu olub-olmayacağını bilmək üçün zamana ehtiyac var. Ən vacibi mütəxəsisin hansı ölkədən olması deyil. Təki xeyirli olsun və Azərbaycan futbolu bəhrələnsin”.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis Fernando Santuş iyunun 12-də Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
RÖYANƏ OĞUZ