Qvardiola əvvəl nala, sonra da mıxa vurdu

29.07.2024 12:52 295
Dünya futbolu
Müasir futbolun ən güclü mütəxəssislərindən biri olan Xosep Qvardiola gah nala, gah da mıxa vurmaqda davam edir.

Kataloniyalı mütəxəssis ''Mançester Siti''nin başında artıq 8 mövsüm keçirib və bu müddətdə saysız-hesabsız titullar qazanıb. Onun ''Siti'' ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq və Qvardiolanın klubdakı gələcəyi böyük maraq doğurur. Təcrübəli məşqçi mayın əvvəllərində verdiyi açıqlamada ayrılmağa qalmaqdan daha yaxın olduğunu vurğulamışdı. Deyəsən Qvardiola fikrini dəyişib. ''Siti''nin ABŞ-da ''Milan''a qarşı keçirdiyi yoxlama oyunundan öncə Qvardiolaya klubdakı gələcəyi ilə bağlı sual verildi və ona mayda verdiyi açıqlama xatırladıldı. Məşqçinin cavabı belə oldu:

''Ayrılmağa qərar verdikdə zatən bunu açıqlayacam və siz də bundan xəbər tutacaqsız. Nələr olacağını birlikdə görəcəyik. Müqaviləmin yenilənəcəyini qətiyyən istisna etmirəm. Çünki burda qalmaq istərdim. Daha öncə ayrılmağa qalmaqdan daha yaxın olduğumu deyərkən klubda artıq 8 mövsüm keçirdiyimi nəzərdə tuturdum. Yəni bundan sonra daha 8 il də burda olmaq fikrim yoxdu. Amma konkret müqaviləm bitən kimi ayrılacağımı söyləməmişəm. Bununla bağlı tələm-tələsik qərar vermək istəmirəm''.

ƏLİ