Abdulla Avcı ilə yeni mövsümə hazırlaşan “Trabzonspor”da qanqaraldıcı olay yaşanıb.
Belə ki, belçikalı ulduz Toma Menye sürpriz şəkildə trabzonlularla müqaviləsini birtərəfli qaydada pozaraq sərbəst futbolçuya çevrilib. Klubdan verilən açıqlamada “Trabzonspor”un haqqının sona qədər qorunacağı bildirilib. Menye Türkiyəyə ötən mövsümün qış fasiləsində gəlmişdi. O, “bordo-mavililər”lə ilyarımlıq müqavilə imzalasa da, bunun bir ili şərti xarakter daşıyırdı.
Daha ətraflı məlumatı qaradənizlilərin başqanı Ərtuğrul Doğanın öz dilindən dinləyək:
“Menyeni transfer edərkən ailəsinin durumu ilə bağlı bizdən bir xahişi olmuşdu. Yəni ailəsinin yaşadığı bölgənin komandasına transfer olunacağı təqdirdə onu pulsuz buraxmalıydıqk. Müqaviləyə bununla bağlı bir maddə salmışdı. Ancaq əsas şərt ondan ibarət idi ki, həmin komanda ilk növbədə Menye ilə bağlı bizlə əlaqə saxlamalıydı. Yəni danışıqlar prosesi normal qaydada aparılmalıydı. Çünki belə olacağı təqdridə biz də transferdə növbəti addımımızı buna uyğun atmaq istəyirdik. Amma təsəvvür edin ki, bu maddənin tamamlanmasına 5 dəqiqə qalmış klubumuzun elektron ünvanına məktub gəldi. Həmin məktubda Menye müqaviləni birtərəfli qaydada pozduğunu bizə bildirdi. Bu olaydan dərhal sonra vəkillərimizlə əlaqə saxlayaraq onları məlumatlandırdıq. Haqqımızı sona qədər qoruyacağıq. Biz zatən bu klubda qalmaq istəməyəni heç vaxt zorla saxlamarıq. Bu saatdan sonra Menye geri dönmək istəsə belə, onu qəbul etməyəcəyik. Bu şəhəri bəyənməyən futbolçu “Trabzonspor”da qala bilməz. Mən başqan olduğum müddətdə belə şeyə imkan vermərəm”.
Qeyd edək ki, 32 yaşlı sağ cinah müdafiəçisi 2023/24 mövsümündə “Trabzonspor”da 19 rəsmi oyuna çıxaraq 1 qol, 7 məhsuldar ötürməlik performans sərgilədi. Ona “Lill”, “Renn” və “Monako”dan təkliflərin olduğu deyilir. Ən son xəbərlərə görə Menye yeni mövsümü “Lill”də keçirəcək. Belə ki, tərəflər arasında əldə olunan ikillik anlaşmanın ən qısa müddətdə açıqlanacağı gözlənilir.