Mövsümun sonunda "Araz-Naxçıvan"dan ayrılan futbolçunun adı "Kəpəz"lə yanaşı hallanır. Yaxınlarda meneceri Manafovun xaricdə oynayacağını desə belə, mediada onun Gəncə klubuna keçəcəyi ilə bağlı iddialar irəli sürülür. Baş məşqçi Adil Şükürov 25 yaşlı futbolçunu sərəncamında görmək istədiyini bildirib. Turan Azərbaycanı tərk edə bilməsə, yəqin ki, yerli klublardan biri ilə anlaşacaq. Bu barədə məlumat almaq üçün Manafovun meneceri Kamran İbrahimovla danışdıq. Onun “Football-plus.az”a açıqlaması:
“Kəpəz”in Manafovun xidmətində maraqlı olması haqda deyilənlər doğrudu. Lakin rəsmi təklif göndərilməyib. Öncəliyimiz xarici klublar olduğuna görə Azərbaycandan gələn təkliflər bizim üçün ikinci dərəcəlidi. Hazırda Turan üçün bir xarici klubdan müqavilə təklifi gözləyirik".
Qeyd edək ki, müdafiəçi ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində premyer-liqada meydana çıxdığı 33 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
RÖYANƏ OĞUZ





