Millimizin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun düşərgəsindən ayrılıb.
“Football-plus.az”ın “zagreb.info”ya istinadla verdiyi xəbərə görə, futbolçu komanda yoldaşlarıyla vidalaşaraq karyerasını başqa klubda davam etdirəcəyini bildirib.
Belədə hücumçunun “Qarabağ”a keçəcəyi haqda yayılan iddialar ağla gəlir. Axı bir neçə həftədi “köhlən atlar”ın oyunçuyla anlaşdığı və tezliklə rəsmi müqavilənin imzalanacağı tirajlanır.
Məlumatın doğru olub-olmadığını öyrənmək məqsədilə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında klubun Mahirlə anlaşdığı haqda xəbərləri təkzib etdi. Onun sözlərinə görə, belə anlaşma yoxdu və yayılan informasiyalar həqiqəti əks etdirmir.
Xatırladaq ki, yığmamızın digər üzvü Şahruddin Məhəmmədəliyevin də “Qarabağ”a keçəcəyi haqda xəbərlər dərc edilir. Lakin klubun İdarə Heyətinin üzvü Asif Əsgərov saytımıza açıqlamasında həmin bilginin də doğru olmadığını bildirib.
KƏNAN BAHADIR