“Sumqayıt”dan gedən var, gələn yox, planlar da bəlli deyil... - AÇIQLAMA

25.06.2024 22:40 343
Premyer-liqa / Manşet
Ötən “futbol ili” “Sumqayıt” üçün düşərli oldu.

“Gənclik şəhəri”nin təmsilçisi uğurlu mövsüm keçirərək Konfrans Liqasına vəsiqə qazandı. “Kimyaçılar”ın turnirə 2-ci təsnifat mərhələsindən başlayacağını və bu çərçivədə “Fehervar”la qarşılaşacağını bilirik.

Bəli, “böyük şəhərin tək komandası” deviziylə çıxış edən komanda avrokuboklarda ölkəmizi, xüsusilə xeyli sayda azarkeşini sevindirməyə çalışacaq. Bunun üçün əzmkarlıq, mübarizlik və yüksək motivasiya kimi keyfiyyətlər vacibdisə, heyət də komplektləşdirilməlidi. Lakin klubla bağlı hadisələrin axarını izləyərkən nəyinsə yolunda getmədiyi hiss olunur. Daha dəqiqi, indiyə qədər komandadan bir neçə futbolçunun ayrıldığını bilirik: Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka. Həmçinin Masaki Murata hələ də düşərgəyə qoşulmayıb. Müqaviləsinin müddəti başa çatan 24 yaşlı futbolçu başqa klublardan da təklif aldığından “kimyaçılar”ı gözlədir. Klub məşqlərə qatılmayan oyunçuyla dil tapmağa çalışsa da, ortaq məxrəcə gəlməkdə çətinlik çəkir. Üstəlik Kasimir Ninqanın da ayrılacağı haqda xəbərlər yayılıb. Əlbəttə, sadalananlar “Sumqayıt” üçün təlaşlanmağa əsas verir. Lakin hər şey bununla bitmir! Belə ki, komanda “Fehervar”la ev oyununu Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirməyi planlaşdırırdı. Lakin işlər tərs gedib. "Sky Sport"un iddiasına görə, klub sözügedən idman qurğusundakı problemləri vaxtında aradan qaldıra bilməyəcəyindən matçın "Kapital Bank Arena"da keçirilməsinə qərar verilib. Görünür, “Sumqayıt” UEFA-nın tələblərini yerinə yetirməkdə ciddi çətinliklə üzləşib. Əlbəttə, bu, avrokuboklardakı təmsilçimiz üçün pis xəbərdi. Çünki "Kapital Bank Arena" cəmi 1400 tamaşaçı tutumuna malikdi ki, bu da “Sumqayıt”ın minlərlə azarkeş dəstəyindən məhrum olması deməkdi! “Kimyaçılar”ın təlim-məşq toplanışıyla bağlı planları da bəlli deyil. Baxmayaraq ki, onlar neçə gün əvvəl “Kapital Bank Arena”da məşqlərə başlayıb.

Göründüyü kimi, komandayla bağlı xeyli açıq sual var. Belədə qeyd olunan mövzularla bağlı klubdan ətraflı məlumat almağa ehtiyac duyduq. Bu məqsədlə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında əvvəl heyətlə bağlı məsələlərə aydınlıq gətirdi:
“Əvvəlcə onu deyim ki, təlim-məşq toplanışıyla bağlı yekun qərar hələ də verilməyib. Harda keçiriləcəyi, yoldaşlıq oyunlarında kimlərlə qarşılaşacağımız və matçların tarixi bəlli deyil. Heyətə gəlincə, bəli, ayrılan oyunçular var. Rəsmi şəkildə yola saldığımız futbolçular artıq bizimlə deyil. Lakin kiminləsə vidalaşmamışıqsa, kim nə deyir-desin, deməli, bizim oyunçumuzdu. Yəni qalmaq şansı da var, getmək ehtimalı da. Bu üzdən azarkeşləri yalnız rəsmi məlumatlara inanmağa çağırıram. Komandanın komplektləşdirilməsi istiqamətində işlər görürük. Əlbəttə, yeni transferlər olacaq. Heç elə şey olar?! Ancaq neçə yerli, neçə legioner futbolçu alacağımız bilinmir. Bu barədə nəinki mən, heç baş məşqçimiz Samir Abasov da dəqiq məlumat verə bilməz. Oyunçular axtarılır, bəziləriylə danışıq aparılır. Ancaq konkret razılaşma əldə ediləndən sonra bu haqda əmin danışa bilərik”.


Zaur bəy “Fehervar”la ev matçının “Kapital Bank Arena”da keçiriləcəyi haqda xəbərə də münasibət bildirdi:
Mehdi Hüseynzadə adına şəhər stadionunda UEFA-nın verdiyii tövsiyələrə uyğun işlər görülür və proses dayanmayıb. İnşallah, matç orda keçiriləcək. İstəyimizin alınmaması ehtimalı 1-2 faizdi ki, bu da hansısa fors-major hal baş verərsə, ola bilər. Qısası, vəziyyət belədi”.


Yeri gəlmişkən, “Sumqayıt”ın “Fehervar”la cavab görüşünün keçirilmə tarixi dəyişdirilib. UEFA-nın qərarına əsasən oyun nəzərdə tutulduğu kimi avqustun 1-də yox, iyulun 31-də keçiriləcək. Cütün ilk oyunu iyulun 25-də Sumqayıtda olacaq.

KƏNAN BAHADIR